dekabrın 9-da bir qrup Bakı sakini Mətbuat prospektində yerləşən Azərbaycan Mətbuat Evinin qarşısında piket keçirib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyin Bakıdan verdiyi məlumatda bildirilir ki, dekabrın 9-da bir qrup Bakı sakini Mətbuat prospektində yerləşən Azərbaycan Mətbuat Evinin qarşısında piket keçirib.
“Media forum” saytının məlumatına görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə ərsəyə gəlmiş “İnkişafın Azərbaycan modeli” kitabının təqdimatı zamanı binanın qarşısına toplaşan 50-yə yaxın sakin “Muray” tikinti şirkətinin onları aldatdığını bildiriblər.
Piket iştirakçıları bildiriblər ki, binanın qarşısına toplaşmaqda məqsədləri təqdimat mərasimində iştirak edən dövlət rəsmiləri ilə görüşməkdir. Təqdimat mərasimində dövlət rəsmiləri, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, parlamentin komitə sədrləri, deputatlar iştirak ediblər.
Piket iştirakçıları binaya daxil olub rəsmilərlə görüşməyə cəhd etsələr də, onları binaya buraxmayıblar. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin rəis müavini Vəli Abbasovun rəhbərliyi altında 50-yə yaxın polis gətirilib. Vəli Abbasov piket iştirakçıları ilə danışıqlar aparıb və onların ərazidən uzaqlaşmasını istəyib: “Artıq “Muray” tikinti şirkətindən olan şikayətlərlə bağlı cinayət işi açılıb və istintaq gedir. Hər dəfə bir dövlət orqanının qarşısına yığışmağa ehtiyac yoxdur”.
Kitabın təqdimat mərasiminin sonuna yaxın polis əməkdaşları piket iştirakçılarını binanın qarşısından zorla uzaqlaşdırıblar.
“Aran” İA