Tarix : 2010 Dec 10
Kod 20008

İmam Huseyn (ə) -ın eşq və fədakarlıqla dolu həyatı ( II hissə )

.
Azerbaijan servsi/Aran agentliyi

Beləliklə İmam Hüseyn (ə) Kufəyə doğru yollandı. Hələ Kufəyə bir neçə günlük yol qalmışdı; İmam Kufəyə göndərdiyi elçisi və tanınmış sadiq dostlarından birinin, Yezidin qubernatoru tərəfindən şəhid edilərək, ayaqlarının iplə bağlanıb, Kufə küçələrində süründürülməsini eşitdi. O Həzrət (ə) Kufə və bölgələrinin möhkəmcə nəzarətə alındığını və təchizatlanmış bir ordunun onunla döyüşə hazırlandığını eşitdikdə, ölümdən başqa bir yol qalmadığını anladı. Artıq, burada şəhid olmaq üçün qəti qərara gəldiyini açıq-aşkar bildirib, Kufəyə doğru yoluna davam etdi. Kufənin təxminən yetmiş kilometrliyində Kərbəla adlı bir çöldə Yezidin ordusu onları mühasirəyə aldı. İmam və yoldaşalrı səkkiz gün burada qaldılar. Bu arada Həzrətin (ə) mühasirəyə alındığı çevrə günbəgün daralırdı. Həmçinin, düşmənin sayı davamlı şəkildə artırdı. Nəhayət, İmam (ə) ailəsi və çox az sayda olan səhabələriylə birlikdə, otuz minlik ordunun muhasirəsində qaldı. Bu bir neçə gün içində İmam Hüseyn (ə) ordusunun mövqelərini nizamladı. Qısa bir xütbədən sonra səhabələrinə üz tutaraq belə buyurdu:

"Bizim ölüm və şəhidlikdən başqa bir yolumuz yoxdur. Mən beyətimi sizdən götürdüm. Getmək istəyən, gecənin qaranlığından istifadə edərək özünü bu təhlükəli meydandan qurtarsın. Çünki onlar yalnız məni öldürmək istəyirlər. "

Daha sonra işıqların söndürülməsini əmr etdi. Maddi məqsədlər üçün İmama (ə) qoşulanlar ayrılıb dağıldılar. Yalnız haqq aşiqlərindən çox azı (40 adama yaxın) silahdaş və Bəni-Haşimdən olan qohumları qaldılar. İmam Hüseyn (ə) bir daha getməyib, qalanları yığıb danışdı və belə buyurdu:

"Sizdən hər kim istəsə, gecənin qaranlığından istifadə etsin və özünü təhlükədən qurtarsın. Onlar yalnız məni istəyirlər.” Lakin bu dəfə İmamın (ə) vəfalı dostları bir-bir qalxaraq, “biz heç bir zaman sənin öndər olduğun haqq yolundan dönməyəcəyik, əlimiz qılınc tutana, damarımızda qan axana qədər döyüşüb, sənin hörmətini qoruyacağıq, paklığından ayrılmayacağıq...”-deyə öz sadiq olduğlarını bildirdilər.

Məhərrəm ayının 9-cu gününün sonlarında son təklif (beyət və ya döyüş) düşmən tərəfindən İmama (ə) çatdırıldı. İmam (ə) o gecəni ibadət üçün möhlət alıb sabahkı döyüşə hazırlaşdı. Hicrətin 61-ci ili Məhərrəm ayının 10-u İmam (ə) azsaylı dostlarıyla (cəmi doxsan adamdan az idi; qırx nəfər əvvəlcədən yanında olanlar, otuzdan bir az çox döyüş günü və gecəsi düşmən ordusundan dönənlər və İmamın Haşimi qohumları, məsələn, oğlanları, qardaşları, qardaşı və bacısı oğlanları və əmisi oğlanları) saysız düşmən qarşısına çıxaraq döyüşə başladı. O gün səhərdən axşama qədər döyüşdülər və son nəfərə qədər şəhid oldular (şəhidlərin içində imam Həsənin (ə) iki kiçik oğlu, İmam Hüseynin (ə) bir kiçik oğlu və qundaqda olan daha bir körpəsini də saymalıyıq). Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə) hərəmini qarət edərək çadırlara od vurub şəhidlərin başını kəsib, paltarlarını çıxardaraq qənimət götürdülər. Cəsədləri dəfn etmədən, sığınacaqsız qızlar və qadınlardan ibarət Əhli-beyt əsirlərini şəhidlərin başlarıyla birlikdə Kufəyə apardılar. (əsirlərin içində kişilərdən yalnız İmam Hüseynin (ə) iyirmi iki yaşlı oğlu İmam Zeynul-Abidin (ə), bir də onun oğlu İmam Məhəmməd Baqir (ə) və İmam Həsənin (ə) oğlu Həsənül-Müsənna var idi. Həsənül- Müsənna döyüşdə ağır yaralandığından şəhidlərin içində qalmışdı, lakin son anlarda əsirlərlə birlikdə Kufəyə aparıldı).

Daha sonra əsirləri Kufədən Dəməşqə, Yezidin yanına apardılar. Kərbəla hadisəsi, qadınların əsir alınıb şəhərlərdə gəzdirilməsi və (əsirlər içində olan) həzrət Əlinin (ə) qızı həzrət Zeynəb (s) və İmam Zeynul-Abidinin (ə) Kufə və Şamdakı yığıncaq yerlərində etdikləri çıxışları, Üməyyə oğullarını alçaldaraq Müaviyənin illərcə etdiyi təbliğatı nəticəsiz qoydu.

Həmçinin, bu çıxışlar Yezidin Kərbəlada məmurların əliylə etdiyi cinayətdən özünü təmizə çıxarmaq üçün çalışmasına və Kərbəla hadisəsinin təsirinin keçməsinə baxmayaraq, Üməyyə oğullarını səltənətdən salınmasında və Əhli-beyt sevgisinin artmasında böyük rol oynadı. Həmçinin Kərbəla hadisəsinin onlara vurduğu ən zəif təsiri, müxtəlif qısa müddətli savaşlar və on iki il davam edən qanlı döyüşlər oldu.
Belə ki, İmam Hüseynin (ə) qatilləri heç biri intiqamdan qaçıb xilas ola bilmədi. Buna “Təvvabin” savaşı misal ola bilər. Tarixin İmam Hüseyn (ə) və Yezidlə əlaqədar hissəsini oxuyub o zamanın hakim sistemini araşdıranlar bilirlər ki, İmamın (ə) yeganə yolu şəhid olmaq idi. İslam dininin açıq-aşkar əzilməsinə səbəb olan beyət, heç bir şərtlə İmam Hüseyn (ə) üçün mümkün deyildi. Çünki Yezid, İslam dininə və onun qanunlarına hörmət göstərməməklə kifayətlənməyib, İslamı açıq-aşkar əzməyə çalışan zalım bir hakim idi. Halbuki ondan əvvəlkilər, əslində dinə müxalif olmaqlarına baxmayaraq zahirdə də olsa dinə hörmətlə yanaşırdılar. Həmçinin, Peyğəmbərə (s) və digər dini şəxsiyyətlərə kömək edib, onların yanında olmaqla öyünürdülər. Bunları nəzərdən keçirən, bəzi tarixçilərin imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında yürütdüyü tarixi fikirlərin səhv olması məlum olur. Məsələn, bəziləri deyirlər ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) müxtəlif təbiətli insanlar idilər; İmam Həsən (ə) sülhsevər idi. Qırx min əsgəri olmasına baxmayaraq sülhü qəbul etdi. Amma imam Hüseyn (ə) mübarizə yolunu və döyüşü seçdi. Qırx nəfər döyüşçüsü olmasına baxmayaraq, Yezidlə döyüşə başladı. Belə bir fikir yanlışdır. Çünki tarixə nəzər saldıqda görürük ki, Yezidin beyətini qəbul etməyən İmam Hüseyn (ə) Müaviyənin hökuməti dövründə on il yaşamasına baxmayaraq, heç vaxt ciddi etiraz etməyib. Həqiqətdə, əgər İmam Həsən (ə) və İmam Hüseyn (ə) Müaviyə ilə döyüşsəydilər şəhid olar və onların şəhadətinin İslama heç bir (ciddi) faydası olmazdı. Çünki qiyam, özünü doğru yolda göstərən, səhabəlik xüsusiyyətinə sahib olan, vəhy yazıçısı və möminlərin dayısı kimi tanınan və hər cür hiyləgərliyə əl atan Müaviyə siyasəti qarşısında həyata keçirlirdi. Beləki Müaviyə əlindəki imkanlarından istifadə edib, o Həzrətləri (ə) öz dostları vasitəsilə öldürdərər, daha sonra onlar üçün əza saxlayar və qanlarını almaqdan ötrü ayağa qalxardı. Necə ki, üçüncü xəlifəyə qarşı da bu hiyləyə əl atmışdı.

"AzadXeber.Az" - Nicat Əliyev

  • Yazılıb
  • da (də) 2010 Dec 10