Tarix : 2010 Dec 10
Kod 20012

YENİ MÜSAVAT PARTİYASI YARANIR

Müsavat Partiyasından ayrılanlar Tapdıq Abbasın ətrafında birləşir
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycanda keçirilən hər parlament və ya prezident seçkiləri baş vermiş qanun pozuntularının fonunda müxtəlif siyasi hadisələrlə yadda qalır. Artıq neçə illərdir seçkilərdən sonra ölkənin ana müxalifət partiyalarında qopmalar və parçalanmalar müşahidə olunur. Belə ki, illər əvvəl AXCP param-parça oldu. Ardınca estafeti ADP öz üzərinə götürdü və partiya bir neçə yerə parçalandı. AXCP-dən gedənlərin yolu ilə gedərək istefa verənlər də öz partiyalarının olmasını istədilər. Özünü bir az bərk saxlayan isə Müsavat Partiyası idi. Musa Qasımlı Partiyadan ayrılanda, İsa Qəmbər müsahibələrinin birində, “Yel qayadan ancaq toz aparar” – deyə bildirmişdi. Amma “yel” təkcə tozla kifayətlənmədi və Müsavat getdikcə sökülməyə başladı.

2003-cü il Prezident Seçkilərində insanların ümid işığı kimi baxdığı Müsavat, kütləvi şəkildə boşalmağa başladı. Sıravi üzvlərlə birlikdə komitə sədrləri, müavinlər, divan üzvləri getdilər. Gedənlər isə heç də sıradan şəxslər olmadı. Musa Qasımlıdan sonra Müsavat Partiyası ilə əlaqələrini dayandıranlar arasında Akif Nağı, Vurğun Əyyub, Vidadi Mahmudlu, Vaqif Səmədoğlu, Flora Kərimli, Rasim Musabəyov və sairlərin adlarını çəkmək olar. Bu seçkilərdə isə gedənlərin sırasına Sülhəddin Əkbər və İbrahim İbrahimli də qoşuldu. Və bu gün yayımlanan informasiyada Sülhəddin Əkbərin qardaşı Səlahəddin Əkbərin də gedənlərin sırasına qoşulacağı bildirilir.

Əldə etdiyimiz məlumata görə, narazıların əksəriyyəti seçki ilində Heydər Əliyevin məzarı önündə baş əyməsiylə gündəmə gələn və sonradan Müsavat sıralarını tərk edən “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın ətrafında birləşirlər. Narazıların artıq T.Abbasla danışıqlar apardığı və razılığa gəldikləri bildirilir. Onlar yaradılacaq partiyanın adını da artıq müəyyənləşdiriblər – Yeni Müsavat Partiyası. Yeni yaradılacaq partiyanın maliyyə qaynağının isə Tapdıq Abbasın Rusiyada bizneslə məşğul olan yaxınları tərəfindən təmin ediləcəyi verilən məlumatlar arasındadır. Partiya sıralarına Müsavat Partiyasında böyük nüfuz sahibi olan və 2003-cü il prezident seçkilərində İsa Qəmbərə tam gücüylə dəstək verən “Qara Tofiq” adıyla da tanınan Tofiq Hüseynovun da qoşulacağı bildirilir. Həmçinin yaxın günlərdən Müsavat Partiyasını daha bir neçə tanınmış ismin tərk edəcəyi də vurğulanır.

 

 

 

  • Yazılıb
  • da (də) 2010 Dec 10