Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 10 dekabr – “İnsan Haqları Günü” Azərbaycan Respublikası Təhsil Nazirliyi binası qarşısında iki minə yaxın dindarın iştirakı ilə son günlər məktəblərində hicaba qoyulan qadağaya qarşı etiraz aksiyası keçirilib. Etirazçılar “Hacaba azadlıq!”, "Övladlarımızı təhsildən məhrum etməyin!" kimi şüarlar səsləndirib, dindar vətəndaşların konstitusion hüquqlarının təmin edilməsini tələb ediblər.
Dindarların dinc aksiyası Bakı Şəhər Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyevin göstərişindən sonra polis qüvvələrinin hücumuna məruz qalıb. Onlarla aksiya iştirakçısı döyülüb və saxlanılıb.
Təhsil Nazirliyi qarşısındakı aksiyada saxlanan 16 nəfərdən 5-nə xəbərdarlıq olunaraq buraxılıb. 11 nəfərin barəsində tədbir görülməsi üçün onlar haqqında toplanan materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib. Bunu Daxili İşlər Nazirliyindən Ehsan Zahidov AzadlıqRadiosuna deyib.
Aksiya iştirakçıları müxbirimizə bildiriblər ki, məktəblərdə hicablı qızların təhsil alma problemi həll edilməyincə, etiraz aksiyaları davam edəcək. 11-ci sinif şagirdi olan hicablı bir qız isə bunları söyləyib: “Biz qeyri-qanuni qadağalara qəti etiraz edib, qanuni haqlarımızın təmin edilməsini tələb edirik. Biz də digərləri kimi oxumaq istəyirik. Müsəlman ölkəsində inanclı müsəlman qızların diskriminasiya məruz qalması tolerantlıq haqqında deyilənlərin qeyri-ciddiliyindən xəbər verir. Bu, dinimizə, bayrağımızdakı yaşıl rəngə, prezidentimizin əl basıb, and içdiyi Qurana və inanclı vətəndaşlarımızın vicdan azadlığına qarşı bir təhqirdir.”
Yerli KİV-lərin yazdığına görə, artıq Azərbaycan Respublikasının islamyönümlü təşkilatları və tanınmış ruhaniləri dinc aksiya iştirakçılarına qarşı polis zorakılığını pisləyən bəyatanlar yayıb.
“Aran” İA