Tarix : 2010 Dec 12
Kod 20067

“Asiyadan Qəzzaya” yardım karvanı hər yerdə coşquyla qarşılanır

Karvanda ölkəmizi təmsil edən Hakim Əlizadə İndoneziya KİV-nə Qarabağ həqiqətlərindən danışdı
Beynalxalq servsis/Aran agentliyi

“Yeni Şərq”in verdiyi məlumata görə, İsrailin blokadasında olan Qəzzaya humanitar yardım çatdırılması üçün “Asiyadan Qəzzaya” adlı yardım karvanı Qəzzaya doğru hərəkət etməyə başlayıb. “Asiyadan Qəzzaya” yardım karvanı Hindistandan start götürərək Pakistan ərazisinə gəlib. Dünən Pakistan-İran sərhəddindəki Zahedan şəhərinə daxil olmaqla İranın cənubundan şimalına doğru istiqamət götürüb.

Karvanda Azərbaycanı təmsil edən “Yeni Şərq” Araşdırmalar Mərkəzinin eksperti Hakim Əlizadə İranın Kerman şəhərinə gələrək Qəzzaya yardım aparan qurupa qoşulub. “Asiyadan Qəzzaya” yardım karvanı İranın Kerman, Yəzd və İsfahan şəhərlərində yerli əhalinin coşqulu izdihamıyla qarşılanıb. Kermanda mətbuat konfransı keçirilib və Kerman Dövlət Universitetində tələbələrlə karvan üzvlərinin görüşü olub. Yəzd şəhərində minlərlə insanın iştirakıyla qarşılama mərasimi keçirilib və Qəzzaya yardımlar toplanıb.

“Yeni Şərq”in verdiyi xəbərə əsasən, ölkəmizi “Asiyadan Qəzzaya” yardım karvanında təmsil edən Hakim Əlizadə İndoneziyanın “Tv One” telekanalına müsahibə verib. Hakim Əlizadə Müsahibəsi zamanı karvana qoşulma səbəblərini açıqlayaraq, “Fələstin və Azərbaycan eyni taleyi yaşayır. Çünki hər iki İslam ölkəsi işğala məruz qalıb. Bir işğalın səbəbkarı İsrail, digərinki isə Ermənistandır. Biz Qarabağ problemini yaşamış, işğalın ağrı-acısını görmüş insanlar kimi bu gün qəzzalıların nə çəkdiyini çox yaxşı bilirik. Məhz bu səbəbdən, fələstinlilərin uğradığı ədalətsizliyyə göz yuma bilmərik”, deyə qeyd edib.

Hakim Əlizadə İndoneziya televiziyasına müsahibəsi zamanı Qarabağ məsələsinə toxunaraq əsil həqiqətləri çoxmilyonlu indoneziyalılara çatdırıb.

Saytımızın dəyərli izləyiciləri, “Asiyadan Qəzzaya” yardım karvanında olan “Yeni Şərq”in əməkdaşları mütamadi olaraq karvanın keçdiyi ölkələrdən müxtəlif reportajlarla, maraqlı məlumatlara sizlərin xidmətinizdə olacaq. Odur ki, saytımızı izləyin!

 

“Yeni Şərq”

  • Yazılıb
  • da (də) 2010 Dec 12