Tarix : 2010 Dec 14
Kod 20083

“Yeni Şərq”in eksperti Mahmud Əhmədinejadla görüşdü

“Asiyadan Qəzzaya” yardım karvanında olan Hakim Əlizadə Əhmədinejadla görüşü zamanı Azərbaycan dilində danışıb
Azərbaycan servisi/Aran agentliyi

 

“Yeni Şərq”in verdiyi məlumata görə, İsrailin blokadasında olan Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə yola çıxan “Asiyadan Qəzzaya” adlı yardım karvanı İran ərazisindən keçməkdə davam edir. Asiya ölkələrinin təmsil olunduğu karvanı müqəddəs Qum şəhərində minlərlə insan küçələrə çıxaraq şüarlarla qarşılayıb.

Qum şəhərində bir gecə qalan karvan üzvlərini Ayətullah Məkarim Şirazi və məhşur alim-filosof Cavad Amuli qəbul edib. Hər iki alim İsrailin işğalçı və qəzzalılara qarşı tətbiq etdiyi qeyri-insani siyasətini tənqid edərək, karvana müqəddəs missiyalarının müvəfəqiyyətlə bitməsi üçün dualar edib.

Sonra karvan İranın paytaxtı Tehran şəhərinə gəlib. Şəhərin girişində “Asiyadan Qəzzaya” yardım karvanını Tehranın meri Dr. Mürtəza Təməddon başda olmaqla, böyük izdiham qarşılayıb.

Fələstin mücadiləsinin şərəfinə qoyulmuş abidənin qarşısından Tehran univeristetinə doğru minlərlə insanın müşayətilə karvan üzvlərinin yürüşü olub. “Fələstinə azadlıq!”, “Qəzzaya azadlıq!”, "İşğal altında olan İslam torpaqlarına azadlıq!" şüarları ilə universitetə doğru irəliləyən karvanı tələbələrin “Allahu əkbər!” nidaları qarşılayıb.

Tehran universitetində karvan üzvlərilə tələbələrin görüşündə prezident Mahmud Əhmədinejad da iştirak edib. Bir çox dövlət rəsmilərinin də qatıldığı görüşdə İran prezidentilə “Asiyadan Qəzzaya” yardım karvanındakı Azərbaycanı təmsil edən “Yeni Şərq”in eksperti Hakim Əlizadə görüşüb. Mahmud Əhmədinejadla bir neçə dəqiqə Azərbaycan dilində dialoq edən Hakim Əlizadə kameralar qarşısında poz verərək xatirə şəkili çəkdirib. Əhmədinejad Hakim Əlizadəyə şərəfli missiyanın icrasında uğurlar arzulayaraq, karvanla birlikdə sağ və salamat geri dönmələrini arzu edib.

Karvan üzvlərini İran parlamentariləri də qəbul edib. Parlamentin yeni binasında karvanı vitse-spiker, Hüccətül-İslam Əbu Turabi və millət vəkilləri qarşılayıb. Görüşdə cənab Əbu Turabi müvəfəqiyyətlər diləyərək, millət vəkillərinin də bu karvana maddi vəsait topladıqlarını bildirib və yığılan pulları karvanın rəhəbrinə təqdim edib.

Daha sonra İran parlamenti adından karvan üzvlərinin şərəfinə ziyafət təşkil edilib.

Ölkəmizi “Asiyadan Qəzzaya” yardım karvanda müvəfəqiyyətlə təmsil edən “Yeni Şərq”in əməkdaşı, 5 yerli və iki xarici tele kanala müsahibə verib. Hər müsahibədə karvana qatılma məqsədlərini açıqlayan Hakim Əlizadə Dağlıq Qarabağ problemindən, Ermənistanın təcacüzkar siyasətindən və dünya birliyinin ədalətsizliyindən danışıb. Hakim Əlizadənin İranın ən iri tirajlı “Came-cəm” qəzetinin baş səhfəsində üç rəngli Azərbaycan bayrağı ilə birlikdə geniş fotosu nəşr edilib.

Tehran şəhərində keçirilən geniş mətbuat konfransında Hakim Əlizadə çıxış edib, yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, karvanın tərkibində Qəzzaya qədər getməyi planlaşdıran Hakim Əlizadə “Yeni Şərq”ə müsahibə verib və qısa zaman ərzində müsahibə ilə saytımızda tanış olacaqsınız.

Xatırladaq ki, dekabr ayının ikisində Hindistandan “Asiyadan Qəzzaya” adlı yardım karvanı yola çıxıb. Karvanda Hindistan, Pakistan, Bəhreyn, İran, Türkiyə, Əfqanıstan, Sinqapur, Malaziya, İndoneziya, Yaponiya, Çin, Suriya və digər ölkələrlə yanaşı Azərbaycandan da “Yeni Şərq”in əməkdaş təmsil olunur.

 

“Yeni Şərq”

  • Yazılıb
  • da (də) 2010 Dec 14