Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dekabrın 12-də Oğuz rayonu ərazisində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yayılıb ki, “Şahdağ” Milli Parkının ərazisində 4 hektar sahədə quru ot və kol-kos yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər park işçiləri ilə birlikdə yanğını söndürüb. Meşə zolağı yanğından mühafizə olunub.
Oxşar hadisə dekabrın 10-da Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Şin meşəbəyliyində də baş verib. Yerli əhalinin “Goru yaylağı” adlandırdığı yaylaqda baş verən yanğın sonradan meşə fondu ərazisinə keçib. Bir gündən artıq davam edən yanğını Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və əhalinin iştirakı ilə tam söndürülüb.
Yanğının ovçular tərəfindən yandırılmış tonqalın söndürülməməsi səbəbindən baş verdiyi ehtimal olunur.
“Aran” İA