Tarix : 2010 Dec 15
Kod 20101

İlahiyyatçılar inanclı vətəndaşlara müraciət etdi

Məhərrəm ayının ongünlüyünü yaşayırıq. Tasua-Aşura ərəfəsindəyik. Bu günlərin müqəddəsliyi və hər bir Azərbaycan ...
Azərbaycan servisi/Aran agentliyi

 

Azərbaycan Respublikasının dini kəsiminin əksəriyyətini təmsil edən bir qrup ilahiyyatçı inanclı topluma müraciət ünvanlayıb. Müraciətin tam mətnini oxucularımıza təqdim edirik:

 

“Əziz bacı və qardaşlar!

Məhərrəm ayının ongünlüyünü yaşayırıq. Tasua-Aşura ərəfəsindəyik. Bu günlərin müqəddəsliyi və hər bir Azərbaycan insanı üçün önəmliliyi hər kəsə aydındır. Bu müqəddəs duyğular tarixin qanlı-qadalı imtahanlarından keçib. Hətta Sovetin ən ağır günlərində də xalqımız bu günləri bir ümumxalq hüzn dönəmi olaraq keçirmişdir.

Çox böyük əfsuslar olsun ki, bu günlərdə anlaşılmayan, çoxlu sayda suallar doğuran hadisələr baş verməkdədir. Biz bunun şahidiyik ki, hansısa islamofobik qüvvələr bu həssas günlərdə dəfələrlə cəmiyyətin inanclı kəsimi üçün ən müqəddəs, ən heysiyyat tutumlu mövzulara toxunurlar. Bu həssas dönəmdə hicab mövzusu artıq müəyyən məmurların seçdiyi bir hədəfə çevrilib və bu mövzu ətrafında süni və məqsədyönlü ajiotajın yaradılması aşkar sezilir. Son günlərdə ardıcıl surətdə məktəblərdə hicab mövzusu ilə bağlı əsassız çıxışların edilməsi, bunun qıcıq yaradacaq formada edilməsi və bu çıxışların artıq bəzi telekanallar tərəfindən də geniş tirajlanması onu göstərir ki, inanclı insanların təxribatlara çəkilməsi ilə bağlı ciddi proses gedir. Kimlərsə Tasua-Aşura günlərində dəyərli inanclıları təxribatlara çəkməklə bağlı məqsədyönlü addımlar atır, inanclıların müqəddəs duyğularının təbii təzahürlərindən sui-istifadə edərək, dini etiqad azadlığı ilə bağlı köklü pisləşməyə rəvac vermək istəyirlər. Məsələnin təhlili göstərir ki, geniş və fundamental bir təxribat yönündə işlər gedir.

Bütün bunları nəzərə alaraq, Uca Allah qarşısında, toplum qarşısında məsuliyyətimizi dərk edərək, biz heç də sadə olmayan bir çağırışla bütün inanclı kəsimə müraciət etməyi qərarlaşdıq. Siz əziz inanclılara müraciət edirik və çağırış edirik ki, Tasua-Aşura günlərində təxribatlara imkan verməmək üçün hicabla bağlı hər hansı formada etiraz aksiyası keçirilməsin.

Əzizlərimiz, təxribatlara imkan yaratmamaq üçün hicab mövzusu ilə bağlı hər hansı küçə aksiyasında iştirak etməyiniz. Bu, bizim ümumi məsuliyyətimizdir. Bəsirətlilik, geniş nəzərlilik tələb edir ki, hər vəziyyətə uyğun müvafiq qərarlar qəbul edilsin.

Hicab – namaz kimi, oruc kimi dini vacibatdır, Allah Təalanın buyuruşudur. Bu məsələdə mövqe birmənalıdır və heç bir halda bu məsələdə digər fikir ola bilməz. Bu, Konstitusiyamızla, qanunlarla inanclılara verilən vicdan azadlığının ayrılmaz tərkib hissəsidir. Bəzi məmurların nə deməsindən asılı olmayaraq, dövlətimiz inanclıların bu hüququnu tanımışdır və hazırda bu hüququ təftiş etmək – insan haqlarını məhdudlaşdırmaq cəhdindən başqa bir şey deyildir.

Hicabla bağlı həyata keçirilən müdafiə tədbirləri bundan sonra daha da sistemli, daha da köklü, daha da fundamental surətdə həyata keçiriləcəkdir. Məsələnin tamamilə çözülməsi istiqamətində mövcud qanunlar çərçivəsində mümkün olan bütün addımlar atılacaqdır.

Bu ağır durumda biz bir daha Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Hacı Allahşükür Paşazadəyə müraciət edirik. Biz onun bu məsələdə daşıdığı tarixi məsuliyyətə diqqət çəkirik və əlində olan bütün səlahiyyət imkanlarından istifadə edərək, ölkə rəhbərliyini problemin mahiyyəti barədə məlumatlandırması üçün, habelə bu problemin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli-mənəvi dəyərlərinə təhlükə kəsb etməsini, Azərbaycan toplumunun bütövlüyünə yönəli dağıdıcı xarakter daşımasını ölkə rəhbərliyinin diqqətinə çatdırması üçün ona müraciət edirik. Biz, məsələnin çözülməsi üçün əlindən gələn bütün işləri təcili yerinə yetirmək üçün Hacı Allahşükür Paşazadəyə bir daha müraciət ünvanlayırıq.

Sonda bir daha hər birimiz üçün Uca Allahdan xüsusi tofiqatlar diləyirik. Allahdan istəyirik ki, əsrlər boyunca xalqımızın ülvi hisslərini formalaşdıran Tasua-Aşuranın hörmətinin, müqəddəsliyinin salınması istiqamətində edilən təxribatlardan hamımızı amanda saxlasın və bu müşküllərdən bəsirətliliklə, dinimizin bəyəndiyi şəkildə çıxmağı nəsib etsin.

 

Hacı İlqar İbrahimoğlu

Hacı Şahin Həsənli

Hacı Əhliman Rüstəmov

Hacı Yüsif Bağırov

Hacı Zülfüqar Mikayılzadə

Hacı Abgül Süleymanov

Hacı İqbal Novruzov

Hacı Ceyhun Cəfərov

Hacı Elşən Mustafaoğlu

Hacı Mir Mehdi Hüseyni

Hacı Bəxtiyar Hüseynov

 

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 15