İçərişəhər ''Cümə'' məscidinin dini icması məhərrəmin ilk ongünlüyünü ''Şəhidlər Xiyabanı''nın ziyarəti ilə yekunlaşdırdı
Azerbaijan servsi/Aran agentliyi
Hicri-qəməri tarixilə 61-ci ilin məhərrəm ayının 10-da Kərbəla adlı məkanda Həzrət Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə) öz məsləkdaşları ilə birlikdə lənətlik Yezid qoşunu tərəfindən şəhid edilmişdir. Xilafəti qəsb etmiş Yezidin, beyət (hakimiyyəti tanıma) tələbinə İmam Hüseyn (ə) cavab vermişdir ki, əgər bu qəsbi tanısa, İslam bir din olaraq aradan gedəcəkdir. İmam Hüseyn (ə) şəhid olmağı Yezid kimi rəzil bir şəxsə beyət etməkdən üstün bildi və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurdu.
Bütün təzyiq və təhdidlərə baxmayaraq, İmam Hüseyn (ə) axıradək Yezidin (lən) hakimiyyət qəsbini qəbul etmədi və buna görə, 72 nəfər yaxın məsləkdaşı ilə birgə Kərbəla çölündə 3 gün susuz blokadada saxlanıldıqdan sonra, vəhşicəsinə qətlə yetirildi.
İmam Hüseynin (ə) şəhadətindən sonra geniş xalq üsyanı başlandı. "Təvvabinlər" - "tövbə etmişlər" adlanan bu hərəkat, İmam Hüseynə (ə) qarşı cinayətlər törədilən zaman süst və laqeyd mövqe tutmuş insanların özünəqayıdışı ilə səciyyələnirdi. Sonrakı mərhələdə Muxtar adlı xalq qəhrəmanının başına toplaşan insanlar, İraqda Yezid (lən) istibdadını tamamilə devirmiş, İmam Hüseynin (ə) qatillərini cəzasına çatdırmışdır. Bununla yanaşı, Məkkə və Mədinədə də əhali üsyan qaldırmışdır. Nəticə etibarilə, Kərbəla vaqiəsindən az keçmiş Yezid lənətliyin hakimiyyəti sona çatdı.
Hər il dünyanın hər bir yerində İmam Hüseynin (ə) qəhrəmanlıq salnaməsini yaşatmaq üçün yüz milyonlarla insan məhərrəmlik mərasimlərini keçirir. Folklor inciləri ilə zinətlənən bu mərasimlərdə qəhrəmanlıq, şücaət, fədakarlıq, yenilməzlik, şəfqət və digər müqəddəs hisslər tərbiyə edilir, İmam Hüseyn (ə) məktəbindən dərs almaq istəyən insanlar burada öz vüdudi durumlarını zənginləşdirirlər.
Məhərrəm ayı başlanandan etibarən İçərişəhər "Cümə" məscidinin dini icması "ilk ongünlük" silsilə mərasimlərinə başlamışdır. Hər gün keçirilən mərasimlərdə "Əhli-beyt (ə) aşiqləri" dini-yaradıcılıq qrupunun tərtibatında rövzə, növhə, mərsiyələr oxunur, cəmlə əzadarlıq yerinə yetirilir. Yüzlərlə icma üzvünün qatıldığı bu mərasimlərdə İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Aşuranın fəlsəfəsini, İmam Hüseyn (ə) məktəbinin mahiyyətini açıqlayan moizələr edir.
Ongünlüyün zirvəsi olan Aşura günündə səhər tezdən çoxlu sayda icma üzvünün iştirakıyla əzadarlıq mərasimi keçirilmişdir. Sonra Hacı İlqar İbrahimoğlu Aşura gününə həsr olunmuş xütbə oxudu. Cəmlə qılınan zöhr və əsr namazlarından sonra, icma üzvləri "Şəhidlər Xiyabanına" ziyarətə yollandılar.
Hər il olduğu kimi, bu il də İçərişəhər "Cümə" məscidinin dini icması Aşura günündə "Şəhidlər Xiyabanı"na ziyarət etdi. Bu ənənə, Kərbəlanın şəhidlik məktəbindən dərs almış 20 yanvar və Qarabağ şəhidlərinin ruhu ilə bu müqəddəs gün arasında həmahəngliyi yaşatmaq üçün həyata keçirilir.
"Şəhidlər Xiyabanı"nda mərsiyələr oxundu, dualar edildi. Matəm mərasimində çıxış edən Hacı İlqar İbrahimoğlu, şəhidlərimizin Kərbəla şəhidləri ilə məhşur olmasını Uca Allahdan dilədi. Mərasim, cəmlə "Fərəc" duasının oxunması ilə yekunlaşdı.
Aşura gününün axşamı icma tərəfindən "Şamu-qəriban" mərasimi keçiriləcəkdir.
Xəbər xidməti
deyerler.org