Tarix : 2010 Dec 18
Kod 20126

''Asiyadan Qəzzaya'' yardım karvanı Zəncan və Təbrizdə

İsrailin blokadasında olan Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə çıxan “Asiyadan Qəzzaya” adlı yardım karvanı Tehran şəhərindən Türkiyə istiqamətinə hərəkət etməyə başlayıb
Azərbaycan servisi/Aran agentliyi

“Yeni Şərq”in verdiyi məlumata görə, İsrailin blokadasında olan Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə çıxan “Asiyadan Qəzzaya” adlı yardım karvanı Tehran şəhərindən Türkiyə istiqamətinə hərəkət etməyə başlayıb. İlk olaraq Qəzvin şəhərinə gələn yardım karvanını Qəzvin Beynəlxalq Universitetində şəhərin rəhbərilə çoxlu sayda şəhər sakinləri qarşılayıb. Universitetin həyətində mitinqə çevrilən qarşılama mərasimində dünyada sülhə çağırış, Qəzzaya azadlıq və digər müxtəlif şüarlar səsləndirilib. Karvanın üzvlərilə Qəzvin sakinləri sülh rəmzi olaraq göyərçinlər uçurdublar.

Qəzvindən sonra karvan Zəncan şəhərinin girəcəyində orkestrin müşayətilə minlərlə zəncanlının qarşılama mərasiminə şahid olub.

Əhalisini azərbaycanlılar təşkil edən Zəncan şəhərində çıxış üçün kürsüyə “Yeni Şərq”in eksperti Hakim Əlizadə dəvət edilib. Üç rəngli bayrağımızla kürsüyə gələn ölkəmizin karvandakı təmsilçisi zəncanlıların böyük alqış və maraqlarıyla qarşılanıb. Doğma ana dilimizdə çıxış edən Hakim Əlizadə dünyanın istənilən yerində zülmə qarşı olduqlaını və elə bu səbəbdən də “Asiyadan Qəzzaya” yardım karvanına qatıldıqlarını bildirib. Yüzlərlə zəncanlının qarşısında Qarabağdakı erməni vəhşiliklərindən danışan Hakim Əlizadə çıxışını “Ya Qarabağ ya ölüm!”, “Azərbaycan oyaqdı Fələstinə dayaqdır!” şüarları deməklə tamamlayıb. Zəncan şəhərinin əhalisi səsləndirilən şüarları təkrarlamaqla Hakim Əlizadəyə dəstək veriblər.

Daha sonra karvan Şərqi Azərbaycan əyalətinin mərkəzinə - Təbrizə üz tutub. Gecənin gec saatları və hava hərarətinin sıfırın altında olmasına baxmayaraq, karvanı minlərlə təbrizli küçələrə çıxmaqla qarşılayıb. Təbriz valiliyinin inzibati binasının qarşısında başda Təbriz valisi olmaqla, böyük izdihamın iştirakıyla qarşılama mərasimi keçirilib.

Təbriz valiliyinin konfrans salonunda mətbuat konfransı keçirilib. Konfransda çıxış edən Təbrizin valisi Əlirza Novini karvan üzvlərini salamlayaraq onlara belə insani addımları üçün təşəkkürünü bildirib. Tədbirdə azərbaycanlı nümayyəndə Hakim Əlizadə də çıxış edib. O “Biz azərbaycanlılar olaraq qəzzalıları yaxşı dərk edirik. Fələstinlilər kimi biz də işğal qurbanıyıq və dünya bu ədalətsizliyə susmaqla cavab verir. Vicdanı olan kəs Qarabağda, Fələstində yaşananlara biganə qalmamalıdır. Elə bu səbəbdən də “Ləbbeyk ya Qarabağ, ləbbeyk ya Qəzza!” deyib yola çıxmışıq”, deyə qeyd edərək bildirib.

Çıxışının sonunda hüzünlü Məhərrəm ayına işarə edən Hakim Əlizadə “Bu günün Kərbalası Qarabağ və Qəzza, İmam Hüseyn (ə) karvanı isə “Asiyadan Qəzzaya” yardım aparan karvanıdır”, deyə qeyd edib.

Bundan başqa, ölkəmizin humanitar yardım karvanındakı təmsilçisi Təbrizin yerli telekanalına, radio və qəzetlərinə müsahibə verib.

Xatırladaq ki, dekabr ayının 2-də İsrailin blokadasında olan Qəzzaya humanitar yardım aparan “Asiyadan Qəzzaya” yardım karvanı Hindistandan yola çıxıb. Karvanın Hindistan, Pakistan, İran, Türkiyə, Suriya və Misir ərazilərindən keçərək Qəzzaya yetişməsi planlaşdırılır. Artıq “Asiyadan Qəzzaya” yardım karvanı İran ərazilərindən Türkiyəyə keçib. Bu yardım karvanında Hindistan, Pakistan, Malaziya, Sinqapur, İndoneziya, Bəhreyn, İran, Türkiyə, Suriya, Yaponiya və digər ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunur. “Asiyadan Qəzzaya” yardım karvanında ölkəmizi “Yeni Şərq”in eksperti Hakim Əlizadə təmsil edir.

 

“Yeni Şərq” 

  • Yazılıb
  • da (də) 2010 Dec 18