Tarix : 2010 Dec 18
Kod 20144

HİCABA AZADLIQ!

Başıörtülü şagirdlər məktəbə buraxılmadıqlarına, dərsdən geri qaldıqlarına görə Təhsil Nazirliyinin, tədris müəssisə rəhbərlərinin məsuliyyət daşıdığını bəyan edirlər
Azerbaijan servsi/Aran agentliyi

Heç bir siyasi xarakter daşımayan, dövlətçiliyə və hakimiyyətə heç bir qorxu yaratmayan hicaba qarşı müsəlman Azərbaycan ölkəsində sanki müharibə başlayıb.  Və başörtüyünə qarşı hücuma keçmək, hicaba qadağanı sərtləşdirmək Təhsil Nazirliyinə, orta məktəb rəhbərliklərinə tapşırılıb. Dünya hicabda problem görmədiyi, xristian dininə etiqad edən prezident Dmitri Medvedyev hicablı şagirdlə fotoşəklini tarixə köçürtdüyü halda, özünü müsəlman hesab edən təhsil məmurları başıörtülü şagird və tələbələrə, müəllimələrə qənim kəsiliblər.

Qanunlarımız  hicaba qadağa qoymasa da, islamofoblar qondarma vasitələrlə, qeyri-qanuni yollarla hicab geyinənləri təhsil almaq, işləmək hüququndan məhrum ediblər. Başıörtülü şagirdlər məktəbə buraxılmadıqlarına, dərsdən geri qaldıqlarına görə Təhsil Nazirliyinin, tədris müəssisə rəhbərlərinin məsuliyyət daşıdığını bəyan edirlər. Təzyiqlərə məruz qalan hicablı şagird və onların valideynləri ilə söhbətimiz də bu barədədir.

Bakı şəhəri36 saylı məktəbin şagirdi Zəhra(ad şərtidir-C.) özü ilə bərabər bacılarının da adıçəkilən təhsil ocağında oxuduğunu söylədi. Bacılar hicablı olduqları üçün məktəbə baraxılmır və bu səbəbdən artıq üç həftədir dərslərdə iştirak edə bilmirlər: “Biz həm məktəb qayda-qanunlarını, həm də hicabın mahiyyətini çox yaxşı dərk edirik. Əgər hicab insanlara, oxumağa problem yaratsaydı yeri, göyü xəlq edən Allah onu vacib buyurmazdı. Bu gün başımızın örtülü olması nə təhsilimizə, nə məktəbimizə, nə də digər şagirdlərə heç bir mənfi təsiri yoxdur. Bunu hamı, elə məktəb rəhbərləri, müəllimlər də təsdiqləyə bilərlər. Amma hicab nə üçün qadağan edilir, bunu başa düşə bilmirəm”.

Zəhra dərs əlaçısı olduğunu, hətta qazandığı uğurlara görə ötən il Təhsil naziri Misir Mərdanovun ona diplom təqdim etdiyini söylədi. İndi isə bu hicablı xanım elə M.Mərdanovun tətbiq etdiyi qadağa nəticəsində təhsil almaqdan məhrum edilib: “Məktəbdə bizə deyirlər ki, yalnız örpəyinizi açandan sonra dərslərdə iştirak edə bilərsiz. Axı biz heç bir qayda-qanunu pozmuruq, hicabın təbliğatını aparmırıq. Bəlkə məktəbli formasına daha çox riayət edənlər də bizik. Yəni həmişə ağ köynək, qara yupka geyinirik. Bizi digər şagirdlərdən fərqləndirən yalnız hicabımızdır. Bu isə hamımızı yaradan Allahın qadınlara vacib buyurduğu bir əməldir”.

Hicaba süni əngəllər Xətai rayonunda yerləşən86 nömrəli orta məktəbdə də müşahidə olunur. Bu səbəbdən adıçəkilən tədris müəssisəsinin VII sinif şagirdi Aynur Məhəmmədova da bir neçə həftədir məktəbə getmir. Aynurun anası Arzu xanım təhsil nazirinin məlum qərarından sonra qızının məktəbə buraxılmadığını söylədi: “Qızım birinci sinifdən məktəbə hicbla gedib. Ədalət naminə deməliyəm ki, bu illər ərzində Aynur nə məktəb direktoru, nə sinif rəhbəri, nə də digər müəllimlər tərəfindən heç bir problemlə üzləşməmişdi. Qızımın sinif rəhbəri mənə bir neçə dəfə Aynurun üzünün sanki nur saçdığını, yaşının kiçik olmasına baxmayaraq ondan iman dərsi aldıqlarını bildirib. O, hətta direktordan Aynurun hicablı formada məktəbə buraxılmasını da xahiş etmişdi. Ancaq məlum məsələdir ki, bəzi məktəb rəhbərlikləri, müəllimlər işdən çıxarılacaqlarından ehtiyat edib, istəmədən hicablıları dərəsə buraxmırlar”.

Arzu xanımla söhbətdən məlum oldu ki, 86 saylı məktəbdə direktorun təzyiqlərinə dözməyən bəzi hicablı qızlar təəssüf ki, başörtüklərini çıxarıblar. Aynur da buna təhrik edilib. Amma o, hicabını hər şeydən üstün tutub. “Eşitdiyimə görə, məktəblərin birində direktor özü qızların başından hicabı çıxarıb. Ehtiyat etdim ki, qızımın da başörtüyünə əl atacaqlar” – deyən, Arzu xanım hələlik Aynurun məktəbə getməməsini məsləhət bilir: “İndi qızım dərsləri ilə evdə məşğul olur, eyni zamanda Quran məktəbinə, ərəb və fars dilləri kurslarına, rəsm dərnəyinə gedir. Gördüyünüz kimi, süni əngəllərlə üzləşən insanlara Allah başqa yollar açır. İmam Hüseyni (ə) beyətə, küfrə çağırdılar, amma o Həzrət bu batil dəvəti qəbul etmədi. İmam küfrə boyun əysəydi, həqiqi İslam dini aradan gedərdi. Biz də bu gün məmurların dilindən səslənən küfrə“yox” deməliyik. Hicab xanımların mübarizə səngəridir. Odur ki, bu səngəri, Allahın əmanətini müdafiəyə tələsməliyik”. 

Binə qəsəbəsində yerləşən orta məktəbin IX sinif şagirdi ( adının çəkilməsini istəmədi-C.) isə hələ ki, hicablı formada dərsə getdiyini, hansısa ciddi problemlə üzləşmədiyini vurğuladı: “Amma  məktəb direktoru dedi ki, komissiya gəlib hicablı şagirdləri  sinifdən çıxarsa, heç bir müdaxilə edə bilmərəm. Hicabımı heç vaxt çıxarmaram. Əgər mən Allahın əmrini yerinə yetirirəmsə, buna heç kim əngəl ola bilməz. Görünür, başıbağlı qızların məktəbə gəlməməkdən başqa çarələri yoxdur. Bu isə o deməkdir ki, təhsil almağımıza maneçilik yaradılır, haqqımızı tapdalayır, dini inancımızı təhqir edirlər”.

Sonda onu da qeyd edim ki, Fransada hökumətin təhsil haqqını artırmasına qarşı tələbələrin keçirdiyi aksiyasını xəbər bülletenlərində gündə  düz 9 dəfə  nümayiş etdirən“ən baxımlı, ən azad, ən müstəqil, ən operativ” telekanallarımız paytaxtda, Təhsil Nazirliyinin qarşısında hicaba qadağa ilə bağlı keçirilən izdihamlı etiraz aksiyasını nə göstərdilər, nə də bu barədə bir kəlmə söz açdılar. Düz iki gün sonra isə ATV kanalı əvvəlcədən təlimatlandırılan bir-iki nəfər arasında sorğu aparıb, guya insanların hicabın əleyhinə olduğu barədə ictimai rəy yaratmağa çalışdı. Ancaq unutdu ki, Azərbaycan xalqı bu bir-iki nəfərdən ibarət deyil. Yəni azacıq obyektivlik nümayiş etdirilsəydi bir-iki nəfər dindarın da rəyi öyrənilərdi. Amma ATV də, digərləri də bunu etmədilər. Əslində yerli və əcnəbi ağaların tapşırığı əsasında mənəviyyat, milli dəyərlər, əxlaq pozuculuğu ilə məşğul olan kanallardan qeyri-obyektivlik və yalandan başqa heç nə gözlənilmirdi.  

 

P.S. M.Mərdanov deyir ki, hicabın qadağan edilməsi müsəlmançılığa qarşı deyil. Soruşuruq, cənab nazir, başıörtülü şagird və tələbələrin, müəllimələrin məktəbə buraxılmaması müsəlmançılıqdan uzaqlaşma deyil, bəs nədir? Və əgər Allahı qəbul edirsinizsə, Qurani-Kərim stolüstü kitabınızdırsa, üstəlik“dinin digər etiqadlarına da əməl etməliyik” deyirsinizsə, nə üçün hicablı şagirdlərin təhsil almaq, müəllimələrin isə işləmək hüququnu əllərindən alırsız. Axı nə Allahın Kitabında, nə də Azərbaycan Respublikasının Konstitusiyasında bunların heç biri yazılmayıb.

  • Yazılıb
  • da (də) 2010 Dec 18