Konstitusiyamız hicaba qadağanı qadağan edir, o baxımdan inanclı şagird və tələbələrin, müəllimələrin tədris ocaqlarına buraxılmaması süni əngəldir
Azerbaijan servsi/Aran agentliyi
Mirmahmud Fəttayev: "Azərbaycanda nəinki hicaba və azana, ümumilikdə İslami dəyərlərə qarşı qadağalar təbii qarşılanmalıdır, çünki dinsiz, Allahsız hökumətdən hər şey gözləniləndir"
Sərdar Cəlaloğlu: "Konstitusiyamız hicaba qadağanı qadağan edir, o baxımdan inanclı şagird və tələbələrin, müəllimələrin tədris ocaqlarına buraxılmaması süni əngəldir"
Arif Hacılı: "Başörtüyünə yönələn hücumlar süni yaradılmış problemdir, məsələ Konstitusiya və qanunlara uyğun həll edilməlidir"
Ənvər Ağazadə: "Təhsil Nazirliyinin hicabla əlaqədar qərarı din və vicdan azadlığının, insan haqlarının əleyhinədir"
Təhsil naziri Misir Mərdanovun «nə şagirdlər, nə də müəllimlər hicabla dərsdə iştirak edə bilməz, orta məktəbdə yaşlı qızların sinifdə hicab taxması normal deyil» açıqlaması dindar kəsimin böyük narahatlığına səbəb oldu. İnanclı insanlar hicaba məhdudiyyət qoyulması ilə bağlı Təhsil Nazirliyinin qarşısında genişmiqyaslı aksiyası keçirərək, haqlı etirazlarını bildirdilər. M.Mərdanovun məlum qərarına heç bir siyasi partiyanın etiraz etmədiyini söyləyən yazarlara cavab üçün yenidən bəzi partiya funksionerlərinə müraciət etmək qərarına gəldik.
KXCP sədri Mirmahmud Mirəlioğlu İslamın Azərbaycanda aparıcı din olduğunu, amma buna baxmayaraq, ölkəmizdə müəyyən mənada dinsiziliyin hökm sürdüyünü deyərək, təəssüfünü ifadə etdi: «Hicabın qadağası da imansız cəmiyyəftin təzahüründən biridir. Ancaq hər halda məsələyə konkret yanaşmada düşünmürəm ki, M.Mərdanovun söylədikləri rəsmən hicabın qadağası deməkdir. Çünki təhsil naziri səhər bir söz, günorta bir, axşam isə başqa cür danışır. Və sonra da deyir ki, mən o mənada deməmişəm, dediklərim düzgün anlaşılmayıb və s. Ona görə də bu başörtüyünə qadağanı təbii qarşılamaq lazımdır. Hesab edirəm ki, Azərbaycanda nəinki hicaba və azana, ümumilikdə İslami dəyərlərə qarşı bütün addımlar, qadağalar tam təbii qarşılanmalıdır. Cəmiyyətimiz artıq buna öyrəşməli və bilməlidir ki, dinsiz, Allahsız hökumətdən hər şey gözləmək olar. Məncə, bundan başqa əlavə şərhə ehtiyac yoxdur».
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan Konstitusiyasının vətəndaşların vicdan azadlığını təmin etdiyini xatırlatdı: «71-i maddənin tələblərinə görə, qanunverici orqan, icra və məhkəmə strukturları Konstitusiyada vətəndaşlara verilən hüquqları təmin etməyə dorcludur. 149-cu maddəyə əsasən isə Konstitusiya bütün qanunlardan üstün hüquqi qüvvəyə malikdir. Bu, o deməkdir ki, «Təhsil haqqında» Qanun şagirdlərin, tələbələrin hicablı formada dərsdə iştirakına icazə verməsə də, Konstitusiyanın müvafiq bəndinə görə onlar mütləq məktəblərə buraxılmalıdır. Hicabla bağlı Türkiyədə cərəyan edən hadisələri bizdə kor-koranə kopyalamaq düzgün deyil. Türkiyədən fərqli olaraq, Azərbaycan Konstitusiyası hicaba qadağanı qadağan edir. O baxımdan inanclı şagird və tələbələrin, müəllimələrin tədris ocaqlarına buraxılmamasının heç bir əsası yoxdur. İndiki halda bu məsələ seçki saxtakarlığından sonra gündəmi süni surətdə dəyişdirmək məqsədi daşıyır».
Müsavat Partiyası sədrinin müavini Arif Hacılı da düşünür ki, başörtüyünə yönələn hücumlar süni yaradılmış problemdir: «Bütün məsələlər Konstitusiya və qanunlara uyğun həllini tapmalıdır. Hesab edirəm ki, bu, cəmiyyətlə hakimiyyət strukturları, məktəblə valideyn və şagirdlər arasında konsensus tapılması mümükün olan məsələlərdən biridir».
«Təhsil Nazirliyi və digər səlahiyyətli qurumlar Azərbaycanın dünyəvi dövlət olduğuna, vahid məktəbli formasının tətbiqinə istinad edib, hicabı qadağan etməyə çalışırlar. Amma nə Konstitusiyada, nə də «Təhsil haqqında» Qanunda başörtüyünə qarşı maddə yoxdur. Ona görə də Təhsil Nazirliyinin hicabla əlaqədar qərarını pisləyirəm». Bu sözləri isə Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə söylədi. Bir neçə gün əvvəl Rusiya prezidenti Dmitri Medvedyevin hicablı məktəbli ilə şəkil çəkdirdiyini xatırladan müsahibim dedi ki, başörtüyü inanclı xanımların dini azadlığı, haqları və hüquqlarıdır: «Hicablıların dövlət müəssisələrinə sərbəst daxil olmasına heç bir məhdudiyyət qoyulmamalıdır. Çünki başörtüy İslamın vacib əmrlərindəndir. Əslində qadağalar məsələni daha da böyüdür, cəmiyyətdə narahatlıq yaradır, həllini çətinləşdirir. Ümumiyyətlə bəzi məmurların, məktəb rəhbərliklərinin başörtüyünün üzərinə getməsi həm insan haqları, həm də problemi mürəkkəbləşdirmək baxımından doğru deyil».