Tarix : 2010 Dec 22
Kod 20207

“Biz haqqa sığınırıq, iğtişaşa gərək yox!”

Təssüf ki, bizim bu gün güvənəcək ziyalımız yoxdur. Bu gün bəzi ölkə ziyalıları ilə (ziyalı kimi tanıdığımız) İslam dinin tərəfdarları üz-üzə dayanmışlar
Azərbaycan servisi/Aran agentliyi

Müstəqil bir dövlətin vətandaşı öz ziyalısına güvənməlidir. Təssüf ki, bizim bu gün güvənəcək ziyalımız yoxdur. Bu gün bəzi ölkə ziyalıları ilə (ziyalı kimi tanıdığımız) İslam dinin tərəfdarları üz-üzə dayanmışlar. Mömin xanımlarımız artıq təzyiqlərlə üzləşirlər.

Müsəlman ölkəsi olan (adlanan) ölkəmizdə yüksək dairələrin çıxardığı qərarla bütün gənc qızların hicabdan çıxmaları və baş örtüklərini açmaları məcbur edilir.

Bunu rədd edənlər işdən çıxarılmaq, məktəbdən uzaqlaşdırılmaqdan həbsə qədər olan cəzalara məruz qalırlar. Bəs bu tələbləri edənlər kimlərdir? Allah Təalanın möminlər üçün buyurduğu qanuna qarşı çıxan necə insanlardır? Televiziya kanallarında bir-birinin ardınca ürəyi yana- yana çıxış edənlər kimlərdir?
Saçları ilə ətəklərinin qısalığı eyni olan, dinindən xəbəri olmayan, Qurani-Kərimdən xəbərsiz , hətta efirdə adı çəkiləndə Onu inkar edən, hicab əleyhinə odlu-alovlu çıxışlar edən qadınlar nə düşünürlər?
Mən Azərbaycanın müsəlman vətəndaşı olaraq namus və qeyrətimi hicabda görürəm. Mən qadını bir mirvari bilirəm. Mirvari də sədəfdə olmalı deyilmi? Qadının sədəfi isə onun örtüyüdür.

Qızlarımızın baş örtüyünün xaricin təsiri ilə əlaqələndirən Tənzilə Rüstəmxanlıya demək istəyirəm ki, sizin xalqın qeyrət və namusu ilə apardığınız mübarizə əslində xaricdən sifariş kimi görsənir.

Təhsilimizdə bu qədər çatışmazlıqlar ola-ola nədən şagirdlərin geyim məsələsini gündəmə gətirdiniz?
Bəlkə, orta və ali təhsil müəssisələrində tüğyan edən rüşvət bəlası, tələbələrdən imtahanlarda yığılan küllü miqdarda pullar, dövlətin təhsil üçün ayırdığı vəsaitlərin mənimsənilməsi, satılan diplomlar, xüsusi ilə də ölkədəki savadsız kadrlar və bu kimi yüzlərlə problemləri insanların nəzərindən yayındırmağa yönəlib bu hicab qadağası ilə ölkədə səs-küy salmaq?
Siz əmin ola bilərsiniz ki, hələ totalitar imperiyanın dövründə belə stalinlər, bağırovlar, brejnevlər analarımızın başından örpəkləri aça bilməyiblər. Bu qədərmi özünüzdən əminsiniz ki, bunu bacaracaqsınız? Siz bizimlə yox, Allahla müharibə edirsiniz. Doğrudanmı Allaha qalib gələcəyinizə əminsiniz?
Allaha müharibə elan edənlərədir sözüm: savadsızlığınız buradan məlumdur ki, siz tarix belə oxumamısınız. Hərdən bir rüşvət və korrupsiya toplamaqdan başınızı qaldırın və o tarixi kitabları oxuyun. Hanı fironlar, nəmrudlar?

Hansı Milli Məclis bu qərarı müzakirə edib? Səs vermə öncəsi qapımızda bir səsin dilənçiliyini edən deputatlarmı? Mənim səsimlə deputatlığa nail olub, indi örpəyiməmi əl atırlar? Səviyyənizi özünüz müəyyən edin. Mən sadəcə sual verdim.

Mən dövlətimizi qüdrətli bilirdim. Tarixi sütunlara söykənən bilirdim. Nigarlardan, həcərlərdən, tomrislərdən qalan miras tənzilələrə, zəminələrəmi qaldı?

Ey zəmanəmizin Nəbiləri, analarımızın, bacılarımızın, qızlarımızın örtükləri açılır.
Bunu da nəzərinizə çatdırırıq ki, hamıdan çox dövlətimizin qanunlarına riayət edən də bizik. Mənim dinim icbari təhsili əmr edir, sizin yazdığınız qanunlardan da öncə. Mənim dinim rüşvəti, korrupsiyanı, yalanı, böhtanı da haram buyurur.

Sizin efirlərdə bu kimi çıxışlarınız xalqı birliyə deyil çaxnaşmalar yaradacaq səbəblərə gətirib çıxardır.
İslam dininin tələblərinə görə müəyyən yaş həddinə çatmış qadın inanclıların hicab geyinməsi vacibdir. Konstitusiyanın 48- ci maddəsini əsas tutaraq deyə bilərik ki, heç bir inanclı qadın (qız) onun dini inancının icazə vermədiyi formada uniformanı geyinməyə məcbur edilə bilməz (hicabsız mini yubka ilə). Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən “Hər bir vətəndaşın təhsil alma hüququ vardır” .Deməli həm də dövlətin dini inancını müstəqil icra edib hicab geyinməsinə təminat verdiyi hər bir azərbacanlı qız da təhsil almaq hüququna malikdir.

Dinimizin və qanunlarımızın bizə qoyduğu tələbləri əldə əsas tutub sizə xatırlatmaq istəyirəm ki, cəhdləriniz əbəsdir. Biz ilk olaraq Allahın qanunlarına, sonra isə Konstitusiyamıza tebeyik, sizin qondarma fətvalarınıza deyil.
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin xanımalrına de ki,örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Quran, “Əhzab”, 59)

 

 

Aynurə Zəhra
www.Islam-Azeri.Az oxucusu

 

  

  • Yazılıb
  • da (də) 2010 Dec 22