Tarix : 2010 Dec 24
Kod 20233

Ruhanilər hicab qadağasına etiraz etdilər

İlham Əliyev: ''İslamdan anlayışı olmayanlar hicabın vacib olub-olmamasını müzakirə edirlər. Bunu birdəfəlik bilməlidirlər ki, bizim belə şərhlərə ehtiyacımız yoxdur''
Azerbaijan servsi/Aran agentliyi

Bu gün İslam Maarifində Elmi Araşdırma Mərkəzinin təşkilatçılığı Media Mərkəzində hicab qadağasına etiraz olaraq dəyirmi masa təşkil edilib. Dəyirmi masada Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 40-dan çox din xadimi iştirak edib.

Dəyirmi masa iştirakçıları Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə hicabın qadağan olunmasını kəskin şəkildə pisləyərək, bu qadağanı Allahın əmrlərinə qarşı atılan addım kimi qiymətləndiriblər.

Dəyirmi masanı giriş sözü ilə açan İslam Maarifində Elmi Araşdırma Mərkəzinin rəhbəri İlham Əliyev son zamanlar ölkədə İslama qarşı basqıların artdığını deyərək, hicab qadağasında bu basqıların tərkib hissəsi olduğunu bildirdi: “Bura bizi toplaşmağa sövq edən çox təəssüf ki, kədərləndirici bir problemdir. Bu çox acınacaqlı bir vəziyyətdir. Ölkəmizdə hicaba qarşı atılan pillə-pillə addımlar artıq təhsildə özünü göstərir. İslamdan anlayışı olmayanlar hicabın vacib olub-olmamasını müzakirə edirlər. Bunu birdəfəlik bilməlidirlər ki, bizim belə şərhlərə ehtiyacımız yoxdur. Bizim öz alimlərimiz kifayət qədər bu barədə açıqlama veriblər”

Bundan sonra İ.Əliyev KİV-də bəzi ziyalıların hicab qadağasına qeyri-qanuni haqq qazandırmasını pisləyərək, hicabın Allahın dəyişməz əmri olduğunu qeyd etdi.

İlham Əliyev bəzi informasiya vasitələrində səslənən “hicab Quranda peyğəmbərin xanımlarına aiddir, hicab Quranda vacib edilməyib” kimi fikirlərə münasibət bildirərək, bu cür fikirlərin İslam və Quran məntiqinə zidd olduğunu vurğuladı.

Bundan sonra tədbir iştirakçıları hicab qadağasını kəskin formada pislədilər. Dəyirmi masanın sonunda bəyanat qəbul olundu.

Bundan sonra məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Əli Əliyev Quran ayələri vasitəsilə hicabın bütün xanımlara vacib olduğunu izah etdi: “Bura minbər məclisi deyil və biz müəyyən qədər konkret nüanslara toxunmalıyıq. Ona görə də mən əsasən medianin bu məsələ ilə bağlı sərgilədiyi mövqedən danışmaq istəyirəm. Mediada keçmiş komsomolçuların muasirlərini xatırladan ozünü ziyalı adlandıranlar hətta Quran ayələrini təhrif etməkdən belə çəkinmirlər. Bununla yanaşı onlar özərini müsəlman adlandırırlar. Allah taala bizə açıq aydın bəyan etdiyi ayələri onlar bəyənməyib, düzəlişlər etməyə cəhd edirlər. Biz Allahın əmrlərini yaxşı qavramaqla yanaşı bu insanların təhriflərinin əslində nəyə xidmət etdiyini yaxşı bilirik və biz öz haqq mübarizəmizdə sonuna qədər qalacağıq”

Masallının nüfuzlu ruhanisi Hacı Sərdar da hicab qadağasını sərt tənqid edərək deyib: “Bizim burada toplaşaraq öz fikirlərimizi bildirməyimizə imkan verən konstitutsiya eyni zamanda haqqında danışdığımız hicabın da azadlığına təminat verir. Bu müstəqil dövlətimizin konstitusiyasıdır. Düzdür ki, ötən əsrin əvvəllərində milli-mənəvi dəyərlərimizə qarşı represiyalar olmuşdur. Amma müstəqillik əldə etdikdən sonra biz dinimizi rahat yaşamaq üçün imkan əldə etmişik. Təəssüflər olsun ki, son illərdə həmin repressiyalar yenidən duyulmaqdadır.”

Tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda deyilir:

"Əziz həmvətənlərimiz, Azərbaycan xalqının inanclı insanları, bacı və qardaşlar. Bu gün müsəlmanlar və müqəddəs Qurani-Kərim, dinimiz islam düşmənlərin bəşəriyyəti sürətlə məhvə doğru aparmaq istəyən sionist ideoloqların hədəfinə çevrilmişdir. Dinimizə qarşı mübarizədə ayrı-ayrı ölkələrə, xalqlara müxtəlif istiqamətlərdən zərbələr endirilir, təcavüz və işğallar həyata keçirilir, soyqırımlar aparılır, insanların mənəviyyatını pozucu vasitələrlə aşındırmağa çalışırlar.

Ölkəmizdə dini atributlara qadağalar - azana, məscidlərə, dini kitablara, alimlərimizə qarşı atılan addımlar, dini etiqad azadlığı haqqındakı qanuna mürtəce dəyişikliklər göstərir ki, ölkəmiz İslam düşməni sayılan dünya sionizminin növbəti hədəfinə çevrilmişdir. Allahsız sovet rejimindən də irəli gedərək müsəlman ölkələrdə fitnə-fəsad yayanlar elə həmin ateist “qoçularından” istifadə edərək indi də Allahın əmri ilə və Qurani-Kərimin “Nur” surəsinin 31-ci ayəsində deyildiyi kimi müsəlman xanım üçün vacib buyurulmuş, baş örtüyü hicaba qarşı qadağalar qoyulur. Bu gün hicablı balalarımızın, siniflərə buraxılmamasını, təhsildən süni şəkildə uzaqlaşdırılmasını xalqımızın faciəsi kimi qiymətləndiririk. Hamıya yaxşı bəllidir ki, bu gün təhsildə, məktəblərdə xoşa gəlməyən hallar baş verir. Mənəviyyatsızlıq televiziyalar və digər elektron informasiya vasitələri ilə ailələrə, oradan da məktəblərə yol tapır. Təhsildə adi hal alan rüşvətxorluq, ələ-baxımlılıq, şagird və müəllimlər arasında ətrafdakılarda şəhvani hisslər yaradan hallar da buna əlavə stimul verir. Məhz hicablı xanımlar bu kimi fitnə-fəsadların şagirdlər arasında yayılmasına böyük maneədir. Çünki nəzərimizcə hər bir valideyn övladını mənəviyyatsız, bədbəxt deyil, savadlı görmək istəyir, hicab geyinmək isə həm də bu fitnələrdən xilas üçün ən mühüm amil kimi valideynlərin övladlarına məsləhəti və təminatıdır.

Xalqımızın gələcək övladlarına daha məsuliyyətli, özünü pisliklərdən, fitnə-fəsadlardan qoruyan, iffətli analar arzusunda olmayanlar hicaba yasaq barədə addımlarını geri atmalıdırlar. Əks halda xalqımıza onun pak gələcəyinə xain mövqedə dayananlar yalnız müsəlman Azərbaycan xalqının qənimi kimi qiymətləndirilməli və xalqımızın düşmənlərinə qarşı düşmən mövqe sərgilənməlidir.

Bu gün ölkəmizin müsəlman balalarının - xanımların kütləvi şəkildə hicab geyinməmələrinin bir səbəbi dini maarifləndirmənin qarşısının alınması, müxtəlif mürtəce qanunlar qəbul etməklə islam alimlərinin azad fəaliyyətinə maneə yaradılmasıdırsa, digər səbəb İslam düşmənlərinin ölkəmizdə xəbis niyyətlərə ölçülmüş hiyləgər addımlarının mahiyyətindən xəbərsizlikdir. Biz xalqımızın həyatına nüfuz edən bu xəbis əllərin kəsilməsini tələb edir, dinimizi azad görmək istəyirik."

Xəyal

 

  • Yazılıb
  • da (də) 2010 Dec 24