Azerbaijan servsi/Aran agentliyi
Quran müəllimi Hacı Əli Hüseynov 2,5 il həbs cəzasına məhkum edilib.
Bu haqda İslam-Azeri.az İnternet qəzetinə Nardaran Kənd Ağsaqqallar Şurasının üzvü, Azərbaycan İslam Partiyasının sabiq sədri Hacı Hacıağa Nuri məlumat verib.
Bu qərarı tənqid edən Hacı Hacıağa deyib: "Əlbəttə ki, bu qərarı verənlər bütün İslami təmsil edənləri, İslamın təəssübünü çəkənləri qorxutmaq məqsədi güdürlər. Yəqin ki, bu addımı atmaqla digər yerlərdə İslami, milli-mənəvi dəyərləri təbliğ edənlərə mesajı verirlər. Çünki Hacı Əli daima əxlaqsızlıqla mübarizə aparan və milli-mənəvi dəyərləri təbliğ edən şəxs idi. Yəni ona aid maddə deyil. Əksinə, Hacı Əli narkomaniya ilə mübarizə aparan şəxs idi".
Qərarı rüsvayçılıq adlandıran sabiq AİP sədri sözlərini belə davam edib: "Quran müəllimini, daima əxlaqsızlıqla mübarizə aparan bir şəxsi bu maddə ilə həbs etmək çox gülüncdür, rüsvayçılıq və ağır məsələdir. Bu İslamafobiyanın davamıdır. Məhkəmənin bu qərarına etirazımızı bildiririk. Həmçinin İslamı, milli-mənəvi dəyərləri təbliğ edənlərə qarşı bu cür təzyiqlərə son qoyulmasını tələb edirik".
İslam-Azeri.Az İnternet qəzetinə münasibət bildirən digər kənd ağsaqqalı Məşhədi Natiq Kərimov da məhkəmənin bu qərarını sərt tənqid edərək deyib: “Bu hökümət İslamçılara qarşı sərt addımlar atır. İslamafobiya ölkədə gündən-günə artır. İstər DQİDK-nin yeni qərarları, istərsə də son məsələlər bunu deməyə əsas verir”.
Hacı Əlinin təzyiqlərə məruz qaldığını önə çəkən Məşhədi Natiq sözlərini belə davam edib: “Hacı Əliyə boş vərəqlərə qol çəkdiriblər. Əvvəldən qurulmuş bir məsələ idi. Hacı Əli məhkəmədə ona qarşı təzyiq olduğunu önə çəkərək çox pis ifadələrlə təhqir olunduğunu bildirib. Səhhəti ağır olduğuna görə, boş vərəqlərə qol çəkdiyini də məhkəmədə dedi”.
Qeyd edək ki, Məşhədi Natiq bu məsələdən appelyasiya şikayəti verilməyəcəyini bildirib.
Xatırladaq ki, Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva ittihamıyla 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.