Tarix : 2010 Dec 27
Kod 20334

İsrail beynəlxalq qanunları saymır

Hacı Mövsüm Səmədov: “Müsəlman xalqlar Allah-Təalaya pənah aparmaq, Onun qırılmaz ipindən yapışmaq və İmam Mehdinin (ə.f) mübarək nəzərləri ilə müqavimət göstərməklə müşküllərini çözə bilərlər”
Azerbaijan servsi/Aran agentliyi

Yarım əsrdən çoxdur Fələstin torpaqları İsrailin işğalı altındadır. Sionist rejim Fələstin əraziləri olan müqəddəs Qüds şəhərini Yerusəlim adlandıraraq, özünün “əbədi və bölünməz” paytaxtı elan edib. 60 illik münaqişənin sülh yoluyla həlli prosesindən isə indiyə qədər heç bir nəticə hasil olmayıb. Tərəflər arasında danışıqlara guya vasitəçilik edən ABŞ-ın səyləri də iflasa uğrayıb. İsrail az qala hər gün Qəzzanı bombardman edib, günahsız insanları qətlə yetirir. Vasitəçi Amerikanın dövlət katibi Hillari Klinton isə bəyan edir ki, ölkəsi hansısa qanuna, konvensiyaya əsaslanıb İsrailə təzyiq göstərə bilmir(?).

 

Məsələni dəyərləndirən Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov da uzun illərdir müsəlman Fələstin xalqının haqsızlığa, zülmə və ədalətsizliyə məruz qaldığını vurğuladı: “Bismillahir Rəhmanir Rəhim. 60 il əvvəl Fələstin torpaqları işğal edilərək, orada sionist İsrail adlı bir dövlət yaradıldı. Bu işğal nəticəsində 5 milyon fələstinli doğma ocaqlarından didərgin düşdü. ABŞ və bir sıra Avropa ölkələri münaqişənin sülh yolu ilə həllinə çalışsalar da, bu səylər zahiri və qeyri-səmimi xarakter daşıyır. Bütün dünya bilir ki, vaxtilə məhz həmin dövlətlərin məkrli planları, onların dəstəyi nəticəsində Fələstin torpaqları işğal edildi, fələstinlilərin qanı üzərində qondarma İsrail dövləti yaradıldı. İmam Xomeyni (r) və başqa dahi İslam şəxsiyyətləri dəfələrlə bəyan ediblər ki, digər işğalçı, qəsbkar dövlətlərin vasitəçiliyilə Fələstin müşkülatının həlli mümkün deyil. 2008-ci ilin dekabrında İsrailin Qəzza qətliamına Qərbin, ABŞ-ın, İngiltərənin dəstəyi bir daha sübut etdi ki, onlar Yaxın Şərqdə sülhün bərqərar olmasını, Fələstin dövlətinin qurulmasını istəmirlər. Əksinə, vasitəçilik missiyasını üzərinə götürüb münaqişənin həllini sonsuza qədər uzatmağa, Fələstin xalqını işğalla, zülmlə barışmağa səy göstərirlər”.

Bir neçə gün əvvəl İsrailin Qəzzaya endirdiyi raket zərbələri nəticəsində ən azı 5 nəfər günahsız insanın həlak olduğunu xatırladan Hacı Mövsüm bu cür vandalizm aktlarının sülh danışıqları ilə uzlaşmadığını söylədi: “Bu danışıqlara vasitəçilik edən və özünü dünyaya sülh təminatçısı kimi sırımaq istəyən ABŞ, İsrail-Fələstin konflikti qarşısında aciz qaldığını bildirir. H.Klinton bəyan edir ki, İsrail müstəqil dövlət olduğuna görə guya onun işlərinə qarışmaq səlahiyyətləri yoxdur. Və qeyd edir ki, İsrailə təzyiq göstərmək üçün ABŞ-ın əlində heç bir qanun və konvensiya yoxdur. Əfqanıstan və İraq da müstəqil dövlətdir. Amma Birləşmiş Ştatlar müxtəlif bəhanələrlə əvvəlcə Əfqanıstana, sonra da İraqa hərbi hücum edib, bu ölkələrin altını üstünə çevirdi. Yüz mindən çox dinc əhalini qətlə yetirdi. Bu, dəlil-sübutdur ki, ABŞ sionist ağalarına etiraz etmək qüdrətində deyil. Ona görə də İsrailin cinayətlərinə göz yumur. Və bəhanə kimi İsrailə təzyiq göstərmək üçün əllərində hansısa əsasın, qanunun olmadığını söyləyirlər”.

Bununla belə, M.Səmədov ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, Amerikanın Qarabağ məsələsinə də ikili standartlardan yanaşdığını dilə gətirdi: “Məlumdur ki, Birləşmiş Ştatlar beynəlxalq aləmdə torpaqlarımızın işğalını adiləşdirməyə çalışır. Və müəyyən vədlərlə Azərbaycan hakimiyyətini biabırçı sülh müqaviləsinə imza atmağa çağırır. Təcavüzkar Ermənistana isə davamlı maddi və siyasi dəstək verməklə onun cinayətkar əməllərinə qanuni don geyindirir. Ona görə də İslam mütəfəkkirləri, Fələstində olan xalq hərəkatı müsəlman torpaqlarının azadlığını müqavimətdə görürlər. Doğrudan da müsəlman xalqlar yalnız Allah-Təalaya pənah aparıb, Onun qırılmaz ipindən yapışmaqla, İmam Mehdinin (ə.f) mübarək nəzərləri ilə müqavimət göstərib, müşküllərini çözə bilərlər”.

Söhbət əsnasında Mövsüm Səmədov son vaxtlar bir neçə dövlətin Fələstinə dəstək verərək onun müstəqilliyini tanıdığını ədalətli qərar və çox ciddi proses kimi qiymətləndirdi. “Artıq dünyanın İsrailin Fələstindəki cinayətlərə baxışları köklü şəkildə dəyişib. Bildiyiniz kimi, Qəzza hadisələri zamanı bütün dünya İsrailin hərəkətlərini pisləyərək, sionist rejimdən hərbi cinayətlərə son qoymağı tələb etdi. Bir müddət əvvəl isə Argentina, Braziliya, Türkiyə rəsmi olaraq Fələstini 1967-ci il müharibəsindən əvvəlki sərhədlərdə tanıdıqlarını bildirdilər. Eyni zamanda İsrailin blokadada saxladığı və bu səbəbdən humanitar fəlakətin hökm sürdüyü Qəzzaya istər müsəlman, istərsə də qeyri-müsəlmanların yardım karvanları üz tutmaqdadır. Çünki qeyd etdiyim kimi, dünya dövlətləri və xalqları birmənalı olaraq sionizmi hərbi cani, zülmkar kimi tanıyırlar”.

Sonda AİP lideri ümidvar olduğunu bildirdi ki, nəhayət, Azərbaycan da sionizmin təsiri altından çıxıb, həm Fələstin, həm də Qarabağ məsələsinin həllində müsəlmanlara layiq hərəkət edəcək: “Təəssüf ki, ölkə hakimiyyəti indiyədək bu istiqamətdə ürəkaçan addım atmayıb. Əksinə, ehtiyac duyulmadığı halda müsəlman ölkələrinə qənim kəsilmiş işğalçı İsraildə baş verən yanğınların qarşısının alınması məqsədilə oraya iki vertolyot göndərdi. Əlbəttə, bu, Azərbaycana sionizmin təsirinin nişanəsi idi. Yəni bununla bildirmək istədilər ki, 98 faizi müsəlman olan bir ölkə İsrailin dövlət kimi mövcudluğunu təsdiqləyir. Lakin bu, xalqın deyil, ölkə rəhbərlərinin təsdiqidir. Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh”.

  • Yazılıb
  • da (də) 2010 Dec 27