Tarix : 2010 Dec 28
Kod 20336

MAVİ MƏRMƏRƏ”nin QARŞILANMA MƏRASİMİ HƏR MƏNADA İBRƏTAMİZ HADİSƏ İDİ”

Hacı İlqar: “İstanbulda bir daha Tasua və Aşura günlərini yaşadım”
Türkiyə servisi/Aran agentliyi

Xəbər verdiyimiz kimi, bazar günü İstanbulda bu ilin may ayında İsrail ordusunun basqınına məruz qalmış və daha sonra girov götürülmüş “Mavi Mərmərə” gəmisinin qarşılanma mərasimi keçirilib. Türkiyənin dünyaca məşhur İHH yardım qurumunun təşkil etdiyi qarşılanma mərasimində DEVAMM sədri, hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlu da iştirak edib.

Hacı İlqar artıq Bakıya dönüb. Dünən onunla İstanbul səfəri və qarşılanma mərasimi haqda danışdıq. DEVAMM sədri bildirdi ki, Azərbaycanda son günlərdə baş verən hadisələr, xüsusən də dini azadlıqlar sahəsində yaranmış problemlər və hicab qadağaları səbəbindən İstanbula dəvəti çətinliklə reallaşdıra bilib. Və bu səbəbdən də İstanbulda bir gün qala bilib: "“Mavi Mərmərə” gəmisini qarşılamaq hər birimizin istəyi idi. Bu səbəbdən İHH və oradakı dostlarımızdan bu tədbirdə iştirak etməklə bağlı dəvət aldıqda imtina edə bilmədik. Ancaq etiraf edim ki, ölkədəki vəziyyətə baxmayaraq, “Mavi Mərmərə”nin qarşılanmasında iştirak etməyi də xüsusi bir vəzifə hesab etmək olar - həm mənəvi və həm də müsəlmanların həmrəyliyi baxımından. Qarşılanma mərasimi hər mənada ibrətamiz hadisə idi".
Hacı İlqarın sözlərinə görə, “Mavi Mərmərə”nin İstanbula qaytarılması Məhərrəm-Səfər aylarına təsadüf etdiyindən, onun üçün ikiqat önəm daşıyıb. Gəminin əsirlikdən dönüşünün Kərbəla olaylarını xatırlatdığını deyən həmsöhbətimiz qarşılanma mərasiminin ona sanki Həzrət Zeynəbin Aşura əsirləri ilə birlikdə Dəməşqdən Kərbəlaya qayıtması səhnəsini xatırlatdığını dedi: "“Mavi Mərmərə” də bizim üçün əsirlikdən qayıtmış bir əzizimizdir".
DEVAMM sədri İstanbulda təşkil olunan qarşılanma mərasiminin yüksək səviyyədə hazırlandığını və böyük coşqu ilə keçdiyini də bildirdi: “Sübh tezdən İHH-nin ofisində toplaşdıq. Burada bizdən başqa dünyanın 50-dən artıq ölkəsindən gələn hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları, Fələstin dəstəkçiləri var idi. Biz limana may ayında həmin hadisə baş verən zaman ”Mavi Mərmərə" gəmisində olan qazilərlə birlikdə yola düşdük. On minlərlə insan limanı əhatə etmişdi və bazar günü orada limana yaxınlaşmaq həqiqətən mümkün deyildi. Ancaq sağ olsunlar, qonaqlara bir növ imkan yaradıldı ki, limana yaxınlaşa bilsinlər. Biz də bu səbəbdən “Mavi Mərmərə”ni yaxından müşahidə edə bildik. Belə bir tofiqat üçün Allaha şükür edirəm. Bundan başqa, səfərə mənimlə birgə “deyerler.org”un müxbiri də qatılmışdı. Saytın əməkdaşı Əbazər Əhmədli yaradılmış fürsətdən istifadə edərək foto, videoçəkilişlər apardı, qarşılanma mərasimindən operativ materiallar hazırlaya bildi. Eyni zamanda çox böyük şərəf duyulası hal oldu ki, orada Türkiyənin, Fələstinin bayraqları ilə yanaşı Azərbaycan bayrağı da dalğalanırdı.
Limana yığışanların yaxınlaşan “Mavi Mərmərə” gəmisini, şəhid Furqanı və eləcə də bu gəmidə şəhid olanları salamladığı an çox təsirli idi. Mən burada çox ibrətli anlar yaşadım, sanki Tasua və Aşura günlərini bir daha yaşadım. İrfani anlayışla desək, bir daha Neynəvada (Kərbəlanın yerləşdiyi ərazinin adı) idik. Bazar günü İstanbula, “Mavi Mərmərə”ni qarşılamağa gələn türk insanı və dünyanın bir çox yerlərindən gələn insanlar həm də dünyada haqsızlığa, ədalətsizliyə bir etiraz edirdilər. Qarşılanma mərasimi haqda çox şey demək olar, ancaq ən yaddaqalan məqamlardan biri də Bülənt bəyin (İHH yardım təşkilatının sədri Bülənt Yıldırım) çıxışı idi. Mənə ən çox təsir edən Bülənt bəyin çıxışı ilə yanaşı, şəhid Furqanın atasının çıxışı oldu. Şəhid atası orada ibrətli bir cümlə işlətdi. Dedi ki, “bizlərdə belə bir deyim var: əski şeylərdən hədiyyə etməyin, yenilərdən hədiyyə ediniz. Biz də Allah yolunda yeniyetmə övladımızı hədiyyə etdik” dedi. Furqan Mavi Mərmərədə şəhid olanların ən cavanı idi, cəmi 19 yaşı vardı. Bunlar çox böyük riqqət doğuran səhnələr idi. “Kahr olsun İsrail, kahr olsun sionizm” sədaları bazar günü bütün İstanbulu bürümüşdü".
Səfər qısa müddətli olsa da, Hacı İlqar fürsət tapıb Türkiyədəki məsləkdaşlarla görüşlər də keçirə bilib: “Biz İstanbulda fürsətkən bir neçə dostla görüşdük. Onlar Azərbaycanda yaşanan son hadisələrlə, xüsusən də hicab mövzusu ətrafında baş verənlərlə bağlı narahatlıq ifadə etdilər...”  

  • Yazılıb
  • da (də) 2010 Dec 28