Tarix : 2010 Dec 28
Kod 20337

TUTULAN XOCASƏNLİ DİNDARIN AİLƏSİ DANIŞDI

Məşədi Yusifin xanımı: “O, məktəbdə şüşə qırılanda salırdı, indi şüşə sındırmaq ittihamı ilə həbs edilib”
Azərbaycan servisi/Aran agentliyi

“Yoldaşım Məşədi Yusif Əlikramoğlunu günahsız yerə tutublar. 60 yaşında xəstə adama 10 sutka veriblər. Onun heç bir təqsiri olmayıb. Yusif ömrü boyu məktəbin şüşələrini salıb, qaynaqçılıq edib. İndi ona direktoru təhqiretmə və məktəbi yandırmaq hədə-qorxusu ittihamları ilə iş kəsiblər. Bu yaşda adamın məktəbdə şüşə sındıran vaxtı deyil. Tələb edirik ki, həbsdən azad etsinlər”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Xocasən qəsəbəsindəki 103 saylı orta məktəbə hücum ittihamı ilə həbs olunan dindar Məşədi Yusif Əlikramoğlunun həyat yoldaşı Həşimova Dürdanə dedi.
Dünən bir daha qəsəbədəki 103 saylı məktəbə baş çəkdik və oradakı ümumi vəziyyəti öyrənməyə çalışdıq. Eyni zamanda hicab qadağasına etiraz etdiklərinə görə həbs olunan şəxslərdən biri-Məşədi Yusifin ailəsini dinlədik. Qeyd edək ki, Məşədi Yusif adıçəkilən məktəbdə təsərrüfat işləri ilə məşğul olub. Elə dünən məktəbin həyətində olarkən ailə üzvləri ilə rastlaşdıq.
D.Həşimova deyir ki, yoldaşı həmişə məktəbdə quruculuq işləri görüb: “O, heç vaxt tikdiyi yeri sökməz. Yusif məktəbdə çalışdığına görə rəhbərlikdən şagirdlər üçün idman zalı və emalatxana tikilməsini istəyib. Gəlib tələb edib ki, bu həyətdə məktəbin iki binası olduğu halda, məktəbin nə emalatxanası, nə də idman zalı var, uşaqlarımız avara qalmasın. Bir gün xəbər veriblər ki, Təhsil Nazirliyindən nümayəndələr gəlib. O da gəlib bildirib ki, məktəbdə idman zalı və emalatxana təşkil edin. Halbuki nə bizim uşaqlarımız oxuyur burda, nə də hicablı şagirdimiz. Övladlarım orta məktəbi çoxdan bitiriblər”.
D.Həşimova bildirdi ki, Vaqif müəllimlə (məktəbin tədris işləri üzrə direktor müavini-E.S.) bir kəlmə də söz danışmayıb: “Amma gedib şikayət ediblər ki, guya təhqir edib, təcavüz edib və hədə-qorxu gəlib. Belə bir hadisə olmayıb. Ümumiyyətlə, məktəbin işlərini yoldaşım Yusif görüb. Şüşələri salıb, təmir işləri həyata keçirib. İndi yaşlı kişiyə 10 sutka veriblər. Belə də haqsızlıq olar? Vaqif müəllim deyir ki, polisə onun adını verməmişəm. Yaxşı bəs niyə gəlib tutublar? Məktəbin şüşələrini uşaqlar sındırıb. Yusif 60 yaşlı sakit adamdır. Şüşə sındıran, məktəb yandıran adam deyil”.
D. Həşimova dedi ki, Binəqədi rayon polis bölməsində dilindən izahat alıblar və deyib ki, hicab qadağasının əleyhinədir: “Bəli, deyib şagirdlərin hicabla dərsə buraxılmaması düzgün deyil. Bir sözün ucbatından tutub iş veriblər. Qardaşım Hacıqulu Həşimovu da tutublar. Onun da uşağı burda oxumur və heç bir hadisəyə aidiyyəti yoxdur”.
Məşədi Yusifin oğlu İsrafil Əlikramov da atasının azadlığa buraxılmasını istədi: “Biz həmişə ata-bala məktəbin partası sınanda düzəltmişik, şüşəsi qırılanda təmir etmişik. Belə çıxır ki, ağlımız yoxdur da öz tikdiyimizi dağıdırıq. Atamı buraxsınlar, başqa tələbimiz yoxdur”.
Məktəbin tədris işləri üzrə direktor müavini Vaqif Quluzadə ilə də görüşdük. O bildirdi ki, Təhsil Nazirliyinin məlum qərarı eynilə bu məktəbə də aiddir: “Artıq bir neçə gündür ki, hicablı şagirdlər dərsə gəlmirlər. Hər hansı güzəşt də edə bilmərik. Nazirliyin əmri bizə da şamil olunub. Məktəbin ərazisi polis nəzarətindədir. Biz polisə şikayət etmişik. Ancaq şikayətdə məktəbin şüşəsinin kimlər tərəfindən qırılması barədə konkret adlar açıqlanmamışdı”.
Qeyd edək ki, dekabrın 23-də Binəqədi rayonu Xocasən qəsəbəsində bir qrup dindarın 103 saylı orta məktəbə hicab qadağası ilə bağlı hücum etməsi barədə məlumat yayılmışdı.
Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov APA-ya açıqlamasında bildirmişdi ki, 20-yə yaxın dindar məktəbə hücum edərək təhsil müəssisəsinin şüşələrini sındırıb, məktəbin qapısına xəbərdarlıq yazaraq hicab qadağası aradan qaldırılmasa, təhsil müəssisəsini yandıracaqları barədə xəbərdarlıq ediblər.
Dindarlar isə yayılan xəbərləri təkzib edərək, heç bir hücum etmədiklərini bəyan etmişdilər. Buna baxmayaraq, məktəb rəhbərliyinin polisə şikayətindən sonra dekabrın 25-də qəsəbənin 3 dindarı saxlanılıb. Hacı Azər Sərcanov, Məşədi Yusif Əlikram oğlu və Hacıqulu Həşimov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka, Azər Sərcanova isə 11 sutka həbs cəzası alıb.

  

  • Yazılıb
  • da (də) 2010 Dec 28