Tarix : 2010 Dec 28
Kod 20358

Elşən Mustafaoğlu Mərmərə Universitetində məruzə ilə çıxış edib

2010-cu ilin 25-26 dekabr tarixində İstanbulun Mərmərə Universitetində “Quran, sünnət və İslam ənənəsində Əhli-Beyt” mövzusunda elmi simpozium keçirilmişdir
Azərbaycan servisi/Aran agentliyi

 

2010-cu ilin 25-26 dekabr tarixində İstanbulun Mərmərə Universitetində “Quran, sünnət və İslam ənənəsində Əhli-Beyt” mövzusunda elmi simpozium keçirilmişdir. Tədbirdə bir çox tanınmış insanlar, elm adamları çıxış edərək, bu mövzuda akademik araşdırmaların əhəmiyyətini vurğulamışlar. Simpoziumda ölkəmizin elmi ictimaiyyətini fəlsəfə doktoru Elşən Mustafaoğlu təmsil etmiş, məruzə ilə çıxış etmişdir. Tədbir barədə daha ətraflı məlumat öyrənmək üçün "Deyerler.org" Elşən Mustafaoğlu ilə əlaqə yaratmışdır. Elşən Mustafaoğlu tədbirin yüksək səviyyədə keçdiyini, tədbirə marağın böyük olduğunu vurğulayıb:

"Əziz oxucuları salamlayıram. Türkiyənin ən məşhur universitetlərindən olan Mərmərə Universitetində iki günlük beynəlxalq simpozium keçirildi. Simpozium "Quran, sünnət və İslam ənənəsində Əhli-Beyt (ə)" mövzusuna həsr olunmuşdu. Tədbirə bir çox görkəmli insanlar dəvət olunmuşdu. Tədbirin açılışına Türkiyənin dövlət naziri Faruk Çəlik qatılmışdı. Mərmərə Universitetinin rektoru prof. Zəfər Gül, Mərmərə Universiteti İlahiyyat fakültəsindən Rəşid Küçük , Üsküdar Bələdiyyə başqanı Mustafa Kara, Dünya Əhli-Beyt(ə) Vakfı başkanı Sərmani Altun, Əhli-Beyt(ə) dərnəyi başqanı Hasan Kanaatalı da tədbirdə iştirak edirdi.

Tədbirdə, həmçinin tanınmış tarixçilər, ilahiyyatçılar, filosoflar iştirak edirdi. Ümumilikdə burada Türkiyə və Azərbaycan ilə yanaşı, İran, Livan, İraq alimləri, mütəfəkkirlər qatılmışdılar. Simpoziumda məşhur hədisə əsasən, Həzrət Peyğəmbərin(s) bizə qoyub getdiyi Quran və Əhli-Beyt(ə) işığında insan dünyasının qurulması və bu mövzulara həsr olunmuş müxtəlif çıxışlar oldu.

Eyni zamanda ədəbiyyatda Əhl-Beyt (ə) mövzusu müzakirə olundu. Türkiyənin müxtəlif universitetlərindən gələn alimlər bir-bir Azərbaycan türkcəsindən sitatlar gətirirdi. Bizim üçün fəxr idi bu. Burada böyük Füzulimizin, Nəsimimizin və digər şair və yazıçılarımızın əsərlərinə toxunuldu. Tədbirdə xüsusilə Kərbəla mövzusuna həsr olunmuş ədəbiyyat işıqlandırıldı.

Ümumilikdə belə dəyərləndirmək olar ki, simpozium çox geniş işıqlandırıldı. Türkiyənin aparıcı mətbuat nümayəndələri iştirak edirdi. Türkiyəli nazirin iştirakı tədbirin çəkisini göstərirdi.

Mənim çıxışım "İslam məzhəbləri arasında dialoq və yaxınlaşma" idi. Məlum olduğu kimi, günümüzdə millətindən, məzhəbindən asılı olmayaraq bütün müsəlmanların vahid bir İslam çətiri altında birləşməsi zərurəti var. Təəssüf ki, indi müsəlmanlar arasında coğrafi sərhədlərdən daha çox, mənəvi sərhədlər yaradılıb. Bizim əsas missiyamız o sərhədləri dağıtmaq, vahid İslam maraqlarından çıxış etməkdir. Düşmən hər zaman pusqudadır və müsəlmanlar arasındakı problemlərin yaranmasını gözləyir. Bizim torpaqlarımızın işğalına, zəbt edilməsinə xidmət edir həmin bu siyasət. Bizim məruzəmizin də əsas qayəsi bundan ibarət idi ki, Allahın bizə buyurduğu önəmli məsələdir və Quran ayəsidir ki, müsəlmanlar bir-birinə qardaş olsunlar, bir-birinin yanında olsunlar, yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olsunlar".

 

Deyerler. org

 

  • Yazılıb
  • da (də) 2010 Dec 28