Allahdan ən böyük arzumdur ki, hər bir müsəlmana bu müqəddəs torpaqları ziyarət etmək qismət olsun. Artıq məni Fatimədən çox, Məşədi xanım kimi çağırırlar
Azərbaycan servisi/Aran agentliyi
Rəqqasəlik edən Fatimə Fətəliyeva bu günlərdə İranın Xorasan vilayətində yerləşən Məşhəd şəhərində İmam Rzanın məzarını ziyarət edərək, Məşədi xanım fəxri adını üzərinə götürüb. Trend-ə açıqlamasında müqəddəs ziyarətinin təəssüratlarını bölüşən Fatimə sevincini bu sözlərlə izah etməyə çalışıb.
"Allahdan ən böyük arzumdur ki, hər bir müsəlmana bu müqəddəs torpaqları ziyarət etmək qismət olsun. Artıq məni Fatimədən çox, Məşədi xanım kimi çağırırlar. Həmişə arzuladığım bu ziyarəti gerçəkləşdirdiyim üçün çox xoşbəxtəm", - Fatimə deyib.
Söhbət əsnasında Fatimə etiraf edib ki, o, sevdiyi sənəti ilə vidalaşmaqdan ötrü Allaha dualar edir.
"Bəlkə də bu sözlərim çoxlarına qəribə gələ bilər. Amma hər zaman Tanrıya dualar edəndə deyirəm, üzümə elə bir qapı açılsın ki, mən daha rəqqasəlik etməyim. Başa düşürəm ki, Allahıma daha yaxın olmaqdan ötrü bu sənətdən mütləq uzaqlaşmalıyam. Tam səmimiyyətimlə deyirəm ki, getmək istəyirəm səhnədən", - Fatimə deyib.
Fatimə Məşhəd ziyarəti zamanı İranın paytaxtı Tehranda yerləşən klinikalardan birinə baş çəkdiyini də gizlətmədi.
"Qızım Aydanın səhhətində kiçik problemlər yaranmışdı. Ziyarətimizi tamamladıqdan sonra Tehranda klinikada onu həkim müayinəsindən keçirdik. Allaha min şükür ki, səhhətində elə bir qorxulu şey yox idi. Allah-Təala Aydanımın timsalında bütün övladları saxlasın! Və hər birimizin ürəyində dinimizə olan imanımızı daha kamil etsin! Amin!" - Fatimə bildirib.
P.S. Bəli, tövbə qapıları açıqdır. Göründüyü kimi artıq Azərbaycanda tövbə edənlərin sayı artır. Ümid edirik ki, bu gün hicaba qarşı düşmənçilik edənlər də, tövbə edəcək və Allahın hidayətinə nail olacaqlar.