Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək. Heç kim buna şübhə etməsin
Azərbaycan servisi/Aran agentliyi
“Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək. Heç kim buna şübhə etməsin”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının ruhanisi, Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycan orta məktəblərində hicaba qadağa qoyulması barədə qərarla bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Nazir deyib ki, bu məsələdə əsas məqsəd Azərbaycan qanunlarına hörmət etməkdir: “Biz hamını buna dəvət edirik. Əminəm ki, bu işimiz uğurlu olacaq. Bu iş heç kəsə, o cümlədən İslam dininə, müsəlmançılığa qarşı qoyulmayıb. Əslində bizim gördüyümüz iş İslamın nüfuzunu artırmaq üçün atılan addımdır. Mən bunu məsuliyyət hissi ilə deyirəm”.
Qeyd edək ki, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycandakı orta məktəblərdə hicaba qoyulan qadağa ilə bağlı açıqlamasında Azərbaycan müsəlman ölkəsi olduğu üçün İslam ehkamlarına, o cümlədən hicaba riayət olunmasının vacibliyini vurğulayıb: “Əhali dinc yollarla İslama zidd göstəriş və qərara qarşı müqavimət göstərsin və bu müsəlman ölkəsində İslam müqəddəslərinə qarşı çıxılmasına icazə verməsin. Qeyrətli Azərbaycan əhalisi düzgün olmayan belə bir göstərişlə razılaşmamalıdır. Azərbaycanın möhtərəm rəsmilərinə də məsləhətdir ki, əcnəbilərin təhrikinə aldanmayıb öz insanlarının səsini eşitsinlər. Mən müctehidlərin çiynində olan və sərhəd tanımayan vəzifəmə əsaslanaraq, vacib və zəruri olanları ərz etdim. Həmişə müvəffəq olun.”.
P.S. Göründüyü kimi, Misir müəllim hələ də nə danışdığının fərqində deyil. İslamı bir elm kimi görəsən Misir müəllim və onun kimi düşünənlər yaxşı bilir, yoxsa, heç Ayətullahları demirəm, bizim Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə? Şeyximiz bu məsələyə münasibətində Misir Mərdanov və onun kimi düşünənlərin səhv olmasını açıq bəyanlayıb. Bəlkə artıq Şeyxdən qabağa atılıb "şeyx"lik iddiasına düşübsünüz? Bəlkə siz də Buxarada oxumusunuz, biz bilməmişik? Bəlkə debata çıxasınız? İslamın atributuna qarşı atılan addımların necə İslamın nüfuzunu artıracağını anladasınız. Əgər belə İslami bilgilərə maliksinizsə və İslamın inkişafında maraqlısınızsa, niyə Quranın hicabla bağlı açıq-aşkar ayəsini qəbul etmirsiniz?