Tarix : 2010 Dec 29
Kod 20382

Hicab qadağasının pərdəarxası

.
Azərbaycan servisi/Aran agentliyi

Ölkədə hicab qadağası davam edir. Hər gün məktəblərdən gələn xəbərlərə əsasən, artıq əksər orta təhsil müəssisələrində başını dini qaydada örtən qız şagirdlər dərsə buraxılmır. Ötən Cümə günü Bakıda dindarlar Təhsil Nazirliyi qarşısında hicab qadağasına etiraz olaraq nümayiş də keçirdilər. Aksiya zamanı saxlanılan 16 dindardan 7-nə inzibati qaydada həbs cəzası verildi...

Bu arada təhsil naziri Misir Mərdanov yaranmış vəziyyətə münasibət açıqlayaraq, qadağalara faktiki, haqq qazandırmağa çalışdı. Sitat: “Təhsil haqqında Qanun”da belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başıbağlı şəkildə getməməlidirlər. Evində, küçədə, digər tədbirlərə istədiyi formada gedə bilər. Biz qərar qəbul etmişik ki, Azərbaycan dünyəvi dövlətdir. Ölkədə din dövlətdən ayrı fəaliyyət göstərir. Belə fikirləşirik ki, məktəbyaşlı uşağın, yəni 16 yaşlı qızın başını bağlaması dünyəviliklə bir araya sığmır. Və onların hicablı məktəbə gəlməsinə qadağa qoymuşuq".
Azərbaycan təhsilinin bərbad vəziyyətdə olduğu bir vaxtda təhsil nazirinin şagirdlərin geyiminə müdaxiləsi gülünc görünür. Misir müəllimə bu yerdə bir neçə irad bildirək. Əvvəla, şagirdin məktəbə məktəbli formasında getməsi ayrı mövzudur, hicab bağlamaq ayrı. Yəni şagirdin baş geyimi (hicab) onun məktəbli forması geyməsi ilə ziddiyyət təşkil etmir. Necə ki, qış gələndə oğlan - qız bütün şagirdlər başlarına papaq qoyurlar. Belə çıxır ki, qanunda göstərilməyibsə, o zaman qışda baş geyimi örtmək də yasaqdır. Hər halda qanunda konkret olaraq başı örtmək yasaqlanmayıb.
İkincisi, şagirdin başına hicab taxmasının dünyəviliklə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, geyim forması ilə bağlı müzakirələrdə dünyəviliyin ortaya atılması absurd görünür. Avropada, Amerikada da sekulyar dövlətlər var və bu dövlətlərdə insanlar istədiyi kimi geyinə bilirlər. Azərbaycanda hazırda vəziyyət hətta Türkiyədəki kimi deyil. Türkiyədə dünyəvilik tərəfdarları hicab azad olarsa, dünyəvilərin azlıqda qalacağından qorxduqları üçün bu məsələdə güzəştə getmək istəmirlər. Azərbaycanın bu mövzuda Türkiyə ilə müqayisəsi isə ən azından da gülünc görünür. Deməli, ortada başqa “amillər” var. Amma nə?

Hicab siyasi İslamdırmı?

Azərbaycanda dindarlıq, konkret mövzuda hicab geniş yayılmayıb. Təxminən hər sinifdə bir və ya iki hicablı şagird ola bilər. Bu isə o deməkdir ki, hicab azadlığı Azərbaycanın dünyəvi obrazını dəyişə bilməz. Deməli söhbət heç də Azərbaycanın dünyəvi ölkə olması və ya bəhs olunan “din təhlükəsi”ndən getmir. Ortada başqa məqsədlər var.
Təxminən 3-4 il əvvəl, hicab qadağası baş qaldıranda hüquq müdafiəçiləri hörmətli təhsil naziri ilə görüşmüşdülər. Həmin vaxt Misir müəllim özü bildirmişdi ki, hicaba qarşı deyil və qanun da bunu qadağan etmir. Yenə həmin təhsil naziri söz vermişdi ki, hicab qadağası olmayacaq. Ancaq indi vəziyyət dəyişib və hörmətli nazir dünyəvilikdən danışır və hicab qadağasına dəstək verir. Deməli, dəyişən nəsə var. Dəyişən isə yalnız situasiyadır. Belə görünür, bu situasiyada kimlər üçünsə Azərbaycanda “dini başqaldırmalar” lazım olub.
Azərbaycanda hətta parlament seçkiləri zamanı kütləvi etirazlar baş vermədi. Ancaq az sonra paytaxtın mərkəzində minlərlə dindarın iştirak etdiyi aksiya baş verdi. Aksiya icazəsiz idi və polislə qarşıdurmada 16 nəfər həbs olundu. İnternetdə aksiyanın fotolarında əllərində dini şüarlar tutmuş, dini şüarlar səsləndirən insanların fotoları yayılırdı. Xəbər fotolarında şüar səsləndirən qara çadralı xanımlar daha qabarıq göstərilirdi. Sanki fotolar Azərbaycanda ciddi islamçı hərəkatın yarandığı fikrini formalaşdırmağa hesablanmışdı.
Belə görünür, “WikiLeaks” qalmaqalı, ölkədə baş verən siyasi proseslər, insan haqları ilə bağlı tənqidlərin artdığı bir zamanda Bakıda keçirilən kütləvi hicab aksiyası (yuxarıda sadalanan görüntülər fonunda) kimlərinsə menyusuna hesablanıb. Qərbə növbəti dəfə “İslam təhlükəsi” mesajı ötürüldü. Əslində hökumət bunu gizlətmir də. Rəsmi təbliğat bu prosesləri kənar qüvvələrə bağlamağa çalışır. Xaricdən kimlərinsə Azərbaycanda siyasi vəziyyəti dəyişməyə (Mərdanov konkret işarə edir: “dünyəviliyə təhlükə”) çalışdığı haqda ssenarilər uydurulur. Halbuki bütün etirazların kökündə siyasi İslam adlandırıla biləcək heç nə yoxdur. İnsanlar etiqadlarının tələb etdiyi formada geyinmələrinə mane olunmamasını istəyirlər. Yəni ən təbii haqlarını...

İslamda Hicab hökmü

Nə qədər qəribə də olsa, hər zaman insanlar din haqda (bilib-bilməməsindən asılı olmayaraq) danışmağı xoşlayırlar. Bir çox hallarda isə dini istədikləri kimi yozmağa çalışırlar və bunu normal hal kimi qarşılayırlar. Bu “həvəs” təzə deyil, mövzu başqa olsa da. Tarix boyu dinlərin ən zəif yeri məhz bu təhriflər olub. Hicab məsələsində də bu cür oldu. Təxminən son 3-4 ildə Azərbaycanda hicab müzakirələri başlayandan statusundan, dini baxışlarından asılı olmayaraq müxtəlif insanların bu mövzuda şərhlərinə rast gəldik. Qəribədir ki, “hicab təfsirçilərinin” bir çoxu nəinki dini təhsili olan, ümumiyyətlə dindar olmayan insanlar idi. Məlum olur ki, hər kəsin öz “hicab standartı” var və buna riayət olunmasını istəyir.
Bir daha qeyd edək ki, mömin (iman gətirən, dindar) qadınların hicab örtməsi İslam dinində vacib buyurulmuş hökmlərdəndir. Hicab sözü Qurani - Kərimdə 7 yerdə qeyd olunub. Bütövlükdə bu söz “pərdə” mənasında işlənilir, eyni zamanda müqəddəs kitabın Nur surəsinin 31-ci ayəsində hicab kəlməsi qadınların örtünməsi mənasında işlənilir.
“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”. (Nur surəsi, 31-ci ayə)
Məşhur təfsirlərdə də göstərilir ki, İslama görə, qadın üzü, əlləri və topuqdan aşağı ayaqlarından başqa bədən üzvlərini naməhrəmlərdən örtülü saxlamalıdır. Bu, məsələnin dini tərəfi. Hicabın formasına gəldikdə. Bədxahların dini gözdən salmaq üçün çadranı bayraq etməsi hicab məfhumuna kölgə sala bilməz. İslamda qadının örtünməsi (ayədə göründüyü kimi) tələb olunur, hansı geyim forması göstərilmir. Bu mənada çadranı İslam dininin tələbi kimi cəmiyyətə təqdim edib din əleyhinə təbliğat vasitəsinə çevirmək yolverilməzdir.

Hicab haqqı

Yuxarıda İslamın hicabla bağlı əsas hökmünü qeyd etdik. ancaq hicaba təkcə din hökmü kimi yanaşmaq olmaz. Bir neçə il əvvəl də yazmışdım, başı örtmək, onu açıq saxlamaq qədər haqdır, bir insan haqqı.
Sonda hicab haqda şərhlər verən hüquq müdafiəçiləri, ictimai xadimlərin fikirləri ilə bağlı bir neçə kəlimə. Hicabı təfsir etməkdənsə, insanların hüquqlarını müdafiə etmək lazımdır. Elementar, geyim hüququ tapdanan insanlara dəstək olmaq zamanıdır... 

  • Yazılıb
  • da (də) 2010 Dec 29