Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra müxalifət partiyaları, QHT-lər, müstəqil ziyalılar “kölgə parlamentində” birləşərək ölkədə dəyişikliklərə nail olmaq üçün birgə fəaliyyət göstərməyə qərar veriblər.
Məlumatda bildirilir ki, dünən Müsavat Partiyasının qərargahında 7 noyabr seçkilərində saxtakarlıqla üzləşən deputatlığa keçmiş namizədlərin, siyasi partiyaların, QHT-lərin III forumu keçirilib. Foruma sədrlik edən Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib ki, ötən forumda irəli sürülən təkliflər nəzərə alınmaqla layihələr hazırlanıb: “Bir vətəndaş hərəkatı yaratmaq ideyası var idi. Bu vətəndaş hərəkatının adı ilə bağlı müxtəlif ideyalar irəli sürülmüşdü. Hələlik məsləhətləşmələr zamanı İctimai Palata adının üzərində dayanılıb. Biz İctimai Palatanın yaranması barədə Təsis Bəyannaməsinin layihəsini və bu bəyannaməyə əlavə 1-ci protokol layihəsini hazırlamışıq və sizlərə təqdim etmişik. Hesab edirik ki, 28 dekabr Azərbaycanın tarixinə çox əhəmiyyətli bir gün kimi yazıla bilər. Bu rejim 2010-cu il parlament seçkilərində saxta seçkilərin pik nöqtəsinə çatdı. Faktiki olaraq xalqı parlamentdən kənarda saxladı. Aparıcı siyasi qüvvələr, real müxalifət, ziyalılar parlamentə buraxılmadı. Hakimiyyətlə xalq arasında böyük bir uçurum mövcud idi. 7 noyabr seçkilərində o uçurum daha da dərinləşdi. Bu rejim ölkədə dayaqlarını itirib...”.
Daha sonra AXCP sədri Əli Kərimli çıxış edib. O, çıxışına “Hesab edirəm ki, bu gün biz ciddi qərarlar qəbul eləməyə tam hazırıq” deyərək başlayıb. Sonra bildirib ki, məsləhətləşmələrdən sonra ümumi maraqları ifadə edən, əksər ictimai-siyasi qüvvələrin maraqlarını və prinsiplərini təmin eləyən kompromis razılaşmalar var: “İctimai Palatanın təsis olunması, onun hüquq və vəzifələri, idarə olunması, ayda ən azı bir dəfə toplanması, Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı konkret layihə hazırlanıb. Ümid edirəm ki, hazırlanmış layihələr qəbul ediləcək və beləliklə, biz 28 dekabr 2010-cu il tarixində ciddi bir təşkilatın yaranmasının iştirakçıları olacağıq... Burda ümumi bir ideyanın ətrafında birləşirik. Bu isə imkan yaradacaq ki, fərqli görüşlərin hamısını toplayıb sintez edə, ümumi maraqlara uyğun konsepsiyalar ortaya qoya bilək. İctimai Palatada təmsil olunmaqla bizim hər birimiz indiyə qədər olduğundan daha geniş auditoriya əldə edəcəyik.”.
İctimai Palatanın yaradılması haqqında bəyannamədə isə bunlar deyilir:
Biz aşağıda imza edən şəxslər:
vətəndaşların cəmiyyətin və dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak haqqında konstitusiya hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına və azad, ədalətli, demokratik seçkilərin keçirilməsinə nail olmaq;
ölkədə feodal məmur oliqarx istibdadına son qoymaq, çağdaş demokratik siyasi mədəniyyət formalaşdırmaq;
fərqli düşüncə, mövqe və alternativləri ifadə etmək və yönləndirmək;
Azərbaycan cəmiyyətinin, dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, münasibət bildirməyi zəruri saydığı məsələləri müzakirə etmək, dinləmələr keçirmək, hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək,
göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq bütün mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədilə demokratiya uğrunda vətəndaş hərəkatının - İctimai Palatanın yaradıldığını bəyan edirik".
“Aran” İA