Tarix : 2011 Jan 01
Kod 20401

“Jurnalistlərin dostu” mükafatı prezidentə verildiyindən, İsa Qəmbər ondan imtina etdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2001-ci ildə ona verdiyi “Jurnalistlərin dostu” mükafatından imtina edib və mükafatı geri qaytarıb
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2001-ci ildə ona verdiyi “Jurnalistlərin dostu” mükafatından imtina edib və mükafatı geri qaytarıb.

İsa Qəmbər bu addımın səbəbini belə izah edib: “Mən jurnalistlərlə dost olmaqdan imtina etmirəm. Jurnalistlərə böyük qiymət verirəm və həmişə çalışmışam ki, onlarla dost olum. Lakin Azərbaycanda jurnalistlərin döyüldüyü, həbs olunduğu, öldürüldüyü, gənc bloqçuların, baş redaktorların illərlə həbsdə saxlandığı bir şəraitdə dövlət başçısına ”Jurnalistlərin dostu" mükafatının verilməsinin heç bir əsası, məntiqi yoxdur. Bu, qəbul olunası hal deyil. Bundan başqa, hər dəfə bu mükafatla bağlı KİV-də xəbərlər yayılanda həmin məlumatların sonunda bu mükafatın əvvəllər hansı siyasətçilərə verildiyi də qeyd olunur. O cümlədən qeyd olunur ki, mükafat 2001-ci ildə də Müsavat Partiyasının başqanı İsa Qəmbərə verilib. Bir növ bu mükafatın nə zamansa demokratik düşərgənin təmsilçilərinə də verilməsi vurğulanır və belə görüntü yaradılır ki, guya bu obyektiv yanaşmadır - nə vaxtsa demokratik düşərgənin nümayəndələri alıblar, bu gün də dövlət başçısı alır. Hələ mən onu demirəm ki, 2002-ci ildən bəri bu mükafat heç kimə verilməyib. Görünür, 2002-ci ildən sonra jurnalistlər öz dostlarını seçməkdə çətinlik çəkiblər. Mətbuatın, jurnalistlərin adından danışanların arasında deqradasiya nə həddə çatıb ki, bütün dünyada jurnalistlərin düşməni kimi təqdim olunan bir şəxsə jurnalistlərin dostu mükafatı verilir... Ona görə də mən bu mükafatdan imtina etmişəm".

Qeyd edək ki, “Jurnalistlərin dostu” mükafatı bu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə verilib.

 

“Aran” İA

  

  • Yazılıb
  • da (də) 2011 Jan 01