Tarix : 2011 Jan 03
Kod 20457

Moskvada azərbaycanlılara məxsus küçə ticarəti yığışdırılır

Rusiyanın paytaxtı Moskvada əsasən azərbaycanlılara məxsus olan küçə ticarət obyektləri ləğv edilib, yığışdırılır
Rusiya servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvada əsasən azərbaycanlılara məxsus olan küçə ticarət obyektləri ləğv edilib, yığışdırılır.

2011-ci il yanvarın 1-dən Rusiyada əməkçi miqrantlarla bağlı bu ölkənin Nazirlər Kabinetinin yeni qərarı qüvvəyə minib. Qərara görə, əcnəbi miqrantlar açıq məkanlarda, küçə və bazarlarda ticarətlə məşğul ola bilməzlər.

Rusiya Nazirlər Kabinetinin əməkçi miqrantlarla bağlı yeni qərarına münasibət bildirən Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev bildirib ki, yanvarın 10-na qədər Rusiyada iş günü olmadığından, yəqin ki, vəziyyətin necə olması ilə bağlı istirahət günlərindən sonra nə isə demək olar. İndi sakitlikdir.

E.Quliyev deyir ki, Rusiyadakı azərbaycanlılar qanuna uyğun yaşayıb, işlədiklərindən bu qərar onlara elə də ciddi problem yaratmayacaq.

Amma Moskvadakı azərbaycanlı jurnalist Tünzalə Vəliqızı yeni qərarın artıq bu ölkədə yaşayan azərbaycanlılara öz təsirini göstərdiyini deyir. Onun sözlərinə görə, əksəriyyəti azərbaycanlılara məxsus olan küçə ticarəti tamamilə yığışdırılıb. Bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb.

T.Vəliqızı iş yerini itirən azərbaycanlıların indi harda özlərinə iş tapacağının sual altında olduğunu bildirir. Jurnalist deyir ki, obyektləri yığışdırılanların iri satış mərkəzlərində özlərinə ticarət köşkləri götürməsi inandırıcı görünmür.

Tünzalə Vəliqızı indiyə qədər küçə ticarəti ilə məşğul olan və Rusiyada müvəqqəti qeydiyyata düşən azərbaycanlılara yenidən iş icazəsinin veriləcəyinin də şübhə doğurduğunu deyir:

“İndi həmin azərbaycanlılar nə edəcəklər, geriyə - Azərbaycanamı dönəcəklər, mən bilmirəm”.

Hazırda Rusiyada 2 milyona yaxın azərbaycanlının olduğu bildirilir. Ekspertlərə görə, Rusiyadakı azərbaycanlılar sözügedən işsizlik problemi ilə üzləşərlərsə, onların Azərbaycan Respublikasına qayıdacaqları məsələsi gündəmə gələcək. Böyük mühacir kütləsinin geriyə dönməsinin isə Azərbaycan Respublikası üçün ciddi sosial-iqtisadi problemlər yaradacağı qaçılmazdır.

 

“Aran” İA

  

  • Yazılıb
  • da (də) 2011 Jan 03