Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası mart və ya aprel ayında Bakıda keçiriləcək
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası mart və ya aprel ayında Bakıda keçiriləcək. Bunu bazar günü “Zaman” qəzetində dərc edilən müsahibəsində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovbildirib.
Səfir qeyd edib ki, keçiriləcək iclasda iştirak etmək üçün Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türk nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtına gələcək.
Bağırov onu da bildirib ki, Şuranın mütəxəssislərinin ilk iclası yanvar ayında Ankarada keçiriləcək. İclasda iki ölkə arasında imzalanacaq sənədlər nəzərdən keçiriləcək.
2010-cu ilin sentyabr ayında türkdilli ölkələrin dövlət başçılarının İstanbul Zirvə toplantısında Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yaradılması haqqında ortaq sənəd imzalanıb.
Azərbaycan Respublikasının Ankaradakı səfirinin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında vizasız rejim barədə saziş artıq cari ildə imzalana bilər. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfi daxili hüquqi prosedurların yerinə yetirilməsi üzrə çalışır.
Bağırov həmçinin bildirib ki, o Bakı-Tbilisi-Qars dəmir yolunun 2012-ci ildə açılacağını gözləyir.
“Aran” İA