İsrailin keçmiş baş nazirinin Bakıda biznesi var; Ehud Olmert İran əsilli Paolo Pərvizin müəssisəsini alan milyarder üçün lobbiçilik edir
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, İsrailin keçmiş baş naziri Ehud Olmert son günlərdə iki dəfə dalbadal Moskvaya səfər edib. “İzRus” portalı Moskvadakı diplomatik mənbələrə istinadən xəbər verir ki, Olmert şəxsi təyyarədə uçub və baş nazir Vladimir Putin tərəfindən qəbul edilib. Hər iki halda keçmiş baş naziri İsrailin təhlükəsizlik xidməti ŞABAK-ın əməkdaşları mühafizə edib. Bu haqda “Yeni Müsavat” məlumat yayıb. Məlumata görə, mənbə bildirir ki, Olmertin səfəri İsrailin “Benny Steinmetz Group” holdinqinin fəaliyyəti ilə bağlı olub. Bu holdinq İsrailin ən iri maqnatlarından olan Beni Şteynmetsə məxsusdur. Bildirilir ki, ötən ilin fevralında Olmertin Azərbaycan və Qazaxıstana səfərləri də bu holdinqlə bağlı olub. Bakıda onu prezident İlham Əliyev, Qazaxıstanda isə baş nazir Kərim Mənsimov qəbul edib.
“Benny Steinmetz Group” almaz sənayesində layihələrlə, habelə energetika, təbii ehtiyatların emalı və daşınmaz əmlak biznesi ilə məşğuldur.
Xəbərdə deyilir ki, bu holdinqin əsas bölmələrindən biri olan “BSG Resources” Azərbaycanda ən iri polad şirkəti olan “Baku Steel Company”nin yeni sahibidir. Baxmayaraq ki, “Baku Steel Company”nin rəsmiləri şirkətin sahiblərinin kimliyi haqda heç vaxt açıq danışmayıblar, lakin İsrail və Rusiya mənbələri zavodun sahibinin məhz “BSG Resources” olduğunu bildirir. Məlumata görə, bu barədə İsrail nəşrlərindən “The Marker” də yazıb.
“Baku Steel Company” Azərbaycanda tikinti armaturları istehsalının 90 faizinə nəzarət edir. Şirkətin keçmiş sahibi əslən iranlı olan Böyük Britaniya vətəndaşı Paolo Pərviz idi. Lakin bir neçə il əvvəldən zavodun fəaliyyətində ciddi problemlər meydana çıxdı, dəfələrlə işini dayandırdı, nəhayət, iş adamı şirkətini sataraq Azərbaycanı tərk etdi.
Xəbərlərə görə, yəhudi maqnat Beni Şteynmets Gəncə alüminium zavodunu almağa da maraq göstərir.
İsrailin keçmiş baş naziri Ehud Olmert ötən ilin fevralında Bakıda səfərdə olub və belə görünür ki, onun səfərində məqsəd məhz zavodun Beni Şteynmetsə satılması ilə bağlı danışıqlar aparmaq idi. Şübhəsiz ki, E.Olmert Beni Şteynmetsin biznes maraqları üçün öz nüfuzundan istifadə edərək lobbiçilik fəaliyyətini havayı etmir və bunun əvəzində müəyyən haqq alır. Yəni onun yəhudi maqnatının Bakıdakı biznesində bu və ya digər formada payı var. Olmertin köməkçisi bu lobbiçilik fəaliyyəti ilə bağlı şərh verməkdən imtina edib və yalnız onu bildirib ki, keçmiş baş nazir artıq fərdi şəxsdir və səfərləri özəl xarakter daşıyır.
“Yeni Müsavat”ın yazdığına görə, “Baku Steel Company”nin yeni sahibinin İsrail maqnatı olması barədə məlumatın gizli saxlanılmasının səbəbi isə çox güman ki, İran amili ilə əlaqəlidir. Qəzetə görə, “rəsmi Bakı İsrail milyarderinin ölkə iqtisadiyyatında bu cür irihəcmli iştirakının İranda qıcıq doğuracağını nəzərə almaya bilməz. Təsadüfən iş elə gətirib ki, yəhudi maqnatın aldığı zavodun keçmiş sahibi əslən iranlı idi.”
“Aran” İA