Tarix : 2011 Jan 07
Kod 20549

Şükür hicab qadağasına!

.
Azerbaijan servsi/Aran agentliyi

Nemətmiş, vallah! Vallah, nemətmiş bu! Fəqət, layiqli şükrünü yerinə yetirə biləcəyikmi? Bunu ilk dəfə məmləkətimizin hörmətli seyyidlərindən birindən eşitdim, amma tam anlamadım. O dedi ki, nemətdi. İndi də mən deyirəm: "Cəddinə qurban, ay seyyid! Nemətdi, vallah nemətdi bu!"
Hicaba əl uzadanda bunu ehtimal etməmişdilər. Heç ağıllarına da gəlməzdi. Amma Allah tədbirini tökmüşdü axı öncə! Hicab qadağası hələ davam edir. Ancaq bir ətrafa baxın, baş verənlərə nəzər salın. Neçə büt artıq qırıldı? Neçə məkrli xislət faş oldu? Neçə xəyanətkar üzə çıxdı? Bəlkə də bir ömür sürüb elə qəbrə də "müsəlman" yarlıkı ilə gedəcəkdilər. Amma Allah nemətini göndərdi. Layiq olmadığımız halda yenə də mərhəmət etdi. Maskalar yırtıldı, üfunət ətrafı bürüdü. Dünən televiziya ekranında, iclas salonunda, küçədə gördükdə haqqında "müsəlman" deyə düşünəcəyimizlər, artıq "lüt" qaldılar (üzr istəyirəm bu ifadəmə görə). Bəli, tamamilə çılpaq qaldılar. Bütün gözəl sözləri, butaforiya xarakterli davranışı, riya qəsri darmadağın oldu. Tamamən, daş daş üstə qalmadı. Necə var, elə göründülər. Onları hamı tanıdı. Artıq nə vaxtsa iki əllə, iki ayaqla, dişlə, dırnaqla yapışdıqları dünyanı tərk etdikdə onlara "Allah rəhmət eləsin!" deyənlərin sayı minimal olacaq. Rəhmət eləsin? Kim? Kimə? Allah? Ona qarşı çıxana? Hm… "Rəhmət eləsin" və "lənət eləsin" diləkləri ətrafında birləşən dəstələrin hansının daha izdihamlı olacağını bəri başdan təxmin etmək elə də çətin məsələ deyil, vallah.
Bütlər qırıldı. İllərdir qəlblərdə əsir olan düşüncələr çölə püskürdü. Dəfələrlə "zillət bizdən uzaqdır!" deyənlər nəhayət ki, zillətə həqiqətən nifrət etdilər. Dəfələrlə "qırx il kölə olmaqdansa bir gün azad insan kimi yaşamaq yaxşıdır!" deyənlər, nəhayət ki, bu bir günü yaşamağa başladılar. Dəfələrlə "ləbbeyk, ya Hüseyn!" deyənlər nəhayət ki, Kərbəla meydanına apara biləcək cürəti qəlblərinin dərinliklərində kəşf etdilər. Hicab qadağası olmasaydı, kim bilir, bu haqsızlığa, qeyrətsizliyə, məddahlığa, alçaqlığa qarşı nifrət hissiylə boğulan qəlblərin qapısını kilidləyən qara daş hələ neçə illər tərpənməz qalacaqdı? Amma bu daşlar tərpəndi. Düşünürlər ki, onlar tərpətdilər. Ancaq elə deyil. Allahın təqdiriylə tərpətdilər. Belə olmasaydı, hələ neçə il "Allah bunlara lənət eləsin"i mətbəxlərdə, gecə namazlarından sonra xəlvət otaqlarda, çay qırağında, meşənin dərinliklərində pıçıldaycaqdıq. Lakin bu daşı tərpətdilər. Artıq neçəsi ovulub qırılan bütlərin qırıntılarıyla qarışıb bu daşların. Hələ neçəsi çat verib, neçəsi laxlayıb! Onlar da qırılma, ovulma anını gözləməkdədirlər.
Bəlkə də indi peşmandılar hicaba əl uzatdıqlarına, bu daşları tərpətdiklərinə görə . Bəlkə də yox. Çünki elə ağıl sahibi olsaydılar, bu qara daşları tərpətmək üçün səy etməzdilər ki!
Qara daşların ovulmasıyla bir anın içində qəlbində rahatlıq, yüngüllük, aramlıq hiss edən müasir müsəlman, bəlkə də hələ heç vaxt ideal seçdiyi Hüseynə (ə) belə yaxın olmamışdı. Azərbaycan müsəlmanı artıq bunu hiss etdi. İndi onu dəyənəklərlə, zindanlarla, təhdidlərlə, nadan, əqidəsiz, bütpərəst, pula, kürsüyə satılan "ziyalıların", "jurnalistlərin" iştirakıyla keçirilən tele-biabırçılıqlarla, "köşə yazarlarının" sifarişli sərsəmləmələriylə saxlamaq olmaz. Bir ömür Hüseynə (ə) qovuşmaq istəyəni bunlarlamı qorxudacaqsınız, bunlarlamı saxlayacaqsınız? O ki, İslam, Allah, Quran, Peyğəmbər (s), Əli (ə), Hüseyn (ə) naminə ölümə nemət kimi baxır, o ki, özünü İmam Museyi Kazımdan (ə), Yusifdən (ə) əfzəl saymır, onu zindanlamı qorxudacaqsınız? Vay olsun sizə! Əgər belə düşünürsünüzsə, vay olsun sizə! Kaş gözünüz bir an açılaydı, nə qədər zəlil və xar olduğunuzu görəydiniz! Bu qədər dəyənəklər, kaskalar, süngülər, hündür divarlar arxasında zəlilliyinizi kaş görəydiniz!
Artıq bütlər qırılıb. Bugünkü müsəlman artıq dünənki olmayacaq. Çoxları bütə sitayiş edəndə, onlar utandıqlarından başlarını aşağı dikmişdilər. Bu xalqın güzaranına, işğalda olan torpaqlara baxıb utanırdılar. Bütlərə sitayiş edənlər də bu aşağı dikilən başları öz başlarına tən tuturdular, "onlar da bütə sitayiş edir" deyə düşünürdülər. Amma bugünkü müsəlman artıq dünənki olmayacaq. Artıq başını aşağı dikməyəcək. Bunu etməyəcək ki, onun da bütlərə baş əydiyini düşünməsinlər. O, başını dik tutaraq bütpərəstlərin gözünün içinə dik baxacaq! O, qızının, bacısının hicabına uzanan murdar, kafir əllərin qarşısında sipər olacaq! O, əbəs yerə "müsəlman" adını daşımadığını sübut edəcək. Özünə də, kafirlərə də. O, şükür edəcək. Bu neməti bəxş edən Allahına şükür edəcək. Onsuz da bu hicab qadağası aradan qaldırılacaq. Gec, ya tez. Asılıdı qarşı tərəfin ağıl və düşüncə səviyyəsindən. Amma kim bilir, bu hicab qadağası olmasaydı, hələ neçə illər başlar aşağı dikili qalacaqdı… Odur ki, hər zaman olduğu kimi - şükür Allaha!
Allaha şükür!

Vüsal Əliyev,

İslam-Azeri.az İnternet Qəzetinin redaktoru

  • Yazılıb
  • da (də) 2011 Jan 07