“Azərbaycan-ABŞ əməkdaşlığı davam edir. Son dövrlər əlaqələrdə hər hansı dəyişiklik baş verməyib”
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bugünlərdə dövlətə bağlı “Azərbaycan” qəzeti və AzərTAc-da ABŞ-ın sərt tənqid olunmasına rəsmi münasibətini bildirib. O, bunları söyləyib:
“Azərbaycan-ABŞ əməkdaşlığı davam edir. Son dövrlər əlaqələrdə hər hansı dəyişiklik baş verməyib”.
Mətbuat katibi bildirib ki, bu məqalələri Azərbaycan Respublikasının ABŞ-la bağlı rəsmi mövqeyi kimi qəbul etmək olmaz:
“AzərTAc dövlət mülkiyyətində olan agentlikdir, “Azərbaycan” qəzeti isə Milli Məclisin orqanıdır. Azərbaycan dövlətinin mövqeyini rəsmi dövlət orqanları ifadə edir - ilk növbədə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi. Konstitusiyaya görə, ölkənin xarici siyasətini prezident formalaşdırır və Xarici İşlər Nazirliyi onu icra edir. Lazım gələndə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi dövlətin rəsmi mövqeyini açıqlayır”.
“Bu məqalələr Azərbaycan-ABŞ əlaqələrinə mənfi təsir edə bilərmi” sualına XİN rəsmisi belə cavab verib: “Məsələni bu konteksdə şərh edə bilmərəm. Çünki məqalələr rəsmi mövqe və ya rəsmi şəxsin səsləndirdiyi bəyanat deyil”.
Elxan Poluxov qeyd edib ki, ayrı-ayrı şəxslərin, QHT-lərin və partiyaların son zamanlar ABŞ-ın ünvanına səsləndirdikləri tənqidi bəyanatları şərh edə bilməz: “Biz ictimai mövqeyə qiymət vermirik, dövlətin mövqeyini əks etdiririk”.
Bununla belə, ekspertlər bildirilər ki, Azərbaycan Respublikasında dövlətə bağlı medialarda hakim dairələrin mövqeyinə zidd hər hansı bir yazının yazılması mümkünsüzdür və sözü gedən məqalələr də məhz hakimiyyətin mesajlarını çatdırıb.
Politoloq Hikmət Hacızadə “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, son iki məqalə Azərbaycana yönəlmiş tənqidlərə cavabdır: “Biz axı görürük, Qərb mətbuatında Azərbaycana qarşı məqalələr çıxır, sonra «WikiLeaks»lə bağlı böyük skandal və sairə. Bütün bunlara qarşı bu da onların cavabıdır. Yəni siz elə yazırsız, biz də belə.”.
“Aran” İA