Hakim YAP-ın yaradıcılarından və Heydər Əliyevin ən yaxın silahdaşlarından olan Əli İnsanov İctimai Palataya üz tutub
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında hakim partiya olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından və Heydər Əliyevin ən yaxın silahdaşlarından olan, hazırda məhbəs həyatı sürən sabiq səhiyyə naziri Əli İnsanov müxalifət düşərgəsinə qoşularaq, İctimai Palataya üz tutub.
“Yeni Müsavat”ın məlumatına görə, siyasi partiya, QHT təmsilçilərinin, ziyalıların və sonuncu parlament seçkisində namizəd olmuş bir sıra şəxslərin yaratdığı İctimai Palatanın sıralarının genişlənməsi istiqamətində iş aparılır. Qəzetə daxil olan məlumata görə, yaxın vaxtlarda İctimai Palataya bir qrup tanınmış şəxslər üzv olacaqlar. Onların sırasında elə adamlar var ki, sözügedən quruma üzv olmaları siyasi səhnədə silkələnmə yaradacaq. Bu sırada 2005-ci ildən siyasi məhbus həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovun adı çəkilir: “Olduqca ciddi mənbədən bizə verilən xəbərdə deyilir ki, Əli İnsanovun İctimai Palataya üzv olması üçün iş aparılır. Artıq sabiq nazirlə bu yöndə ilkin danışıqların getdiyi deyilir. Böyük ehtimalla yaxın zamanlarda Əli İnsanov həbsxanadan bəyanat göndərərək İctimai Palataya daxil olduğunu bəyan edəcək. Bəyanatda sabiq nazirin bütün tərəfdarlarına, xüsusən də qərbi azərbaycanlılara İctimai Palataya daxil olmaq çağırışı edəcəyi də istisna deyil. Mənbənin bildirdiyinə görə, bundan sonra İctimai Palata hakimiyyət qarşısında sabiq nazirin həbsdən azad edilməsi tələbini qaldıracaq.”
“Aran” İA