Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs edilib.
Bu barədə İslam Partiyasına yaxın “Faktxeber.com” saytı məlumat yayıb. Xəbərdə bildirildiyinə görə, dünən – yanvarın 7-də, axşam saatlarında partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla birgə, Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev və sürücüsü Mirhüseyn Kazımov saxlanılıb.
Partiya sədri həbs olunarkən onunla birgə olan Elçin Həsənov da polis tərəfindən saxlanılıb.
Mövzu ilə əlaqədar Azərbaycan İslam Partiyasının mətbuat katibi Akif Heydərli ilə əlaqə saxladıq və o da məlumatı təsdiqlədi. “Dünən axşam partiya qərargahından çıxarkən Mövsüm Səmədov və onunla birgə olan 3 nəfər həbs olunub. Həbs olunanlar əvvəlcə Nərimanov rayon 18 saylı polis bölməsinə aparılıb. Bundan sonra məhkəmə qarşısına çıxarılan 3 nəfərə 10 sutka həbs cəzası verilib. Partiya sədri Mövsüm Səmədovu isə hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanılır”.
Məlumat üçün bildirək ki, 2 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın baş məclisində ölkə başçısı İlham Əliyevi sərt tənqid edərək, Azərbaycanda İslam dini əleyhinə aparılan təzyiqlərin dayandırılmasını tələb etmişdi.
“Aran” İA