''Məşhədi Dadaş'' məscidinin Cümə namazının xətibliyini Hacı Şahin Həsənli icra edib? o, özünü və namaz iştirakçılarını xütbəyə başlamamışdan əvvəl ilahi təqvaya riayət etməyə dəvət edib
Azərbaycan servisi/Aran agentliyi
İmam Cümə sonra İslam Peyğəmbərinin dövründən danışaraq bu mətləblərə işarə edib: “Peyğəmbərin (s) dövründə iki növ insanlar var idi. Onlardan bir qismi vəhşi ərəblər, digər qismi isə mədəni insanlar idi. Ancaq Peyğəmbərin dininin səviyyəsi çox yüksək idi. Peyğəmbərin dininə müsbət cavab verənlər şəhid olmuşdular. İmam Əli (ə) deyərdi: “Hanı Əbuzər, hanı Əmmar, hanı Salman?” Peyğəmbərin dini yüksək dindir. Qiyamətə qədər də bu dinin hökmləri hər bir dövrə cavab verir. Bəs bu din 21-ci əsrdə tam başa düşülməyibsə, o vaxtki dindarlar o dinə necə əməl ediblər?”.
İmam Sadiq (ə) buyurur ki, "siz məndən soruşursuz, mən cavab verirəm. Sırf mənim sözüm olduğuna görə siz mənim dediklərimə əməl edirsiz, amma başa düşmürsünüz. Bu dediklərimizə gələcək nəsillər, axirəzzamanın möminləri əməl edəcəklər. Siz başa düşmürsüz, ancaq İmam sözü olduğuna görə başa düşürsünüz". Elm inkişaf etdikcə İslamın dedikləri başa düşülür.
İslamda donuz ətinin haram edilməsinə işarə edən Hacı Şahin sözlərini belə davam edib: “Donuz ətinin İslamda haram olmasının səbəblərinin bir qismi aydın olur. Bir alim deyir ki, Kanadada səfərdə idim. Orada donuz əti müzakirəyə çıxarıldı. Sual etdilər ki, "niyə İslamda donuz ətinin yeyilməsi haram edilir?" Mən bildirdim ki, "İmamlarımız donuz əti ilə müxtəlif mənfi xasiyyətlər ötürüldüyünü deyir. Hədislərdə var, donuz əti yemək qeyrətsizliyə gətirib çıxarır". Bunu deyəndə bir qadın fəryad etdi. Məlum oldu ki, bu qeyri-müsəlman alimdir. Bu alim xanım sual etdi: “Siz bu məsələləri hardan bilirsiniz? Elm indi bu qənaətə gəlib. Sizin İmamlarınız bu barədə necə deyə bilər?". Bəli, müasir tətqiqatlar sübut edir ki, donuz əti ilə mənfi xüsusiyyətlər keçir. Dualar da var suya oxuyurlar. İndi müasir tədqiqatlar onu göstərir ki, suya söz deyib üfürdükdə, suda müxtəlif dəyişikliklər olur”.
Belə olan halda İslam Peyğəmbərinə belə sual verilə biləcəyini önə çəkən İmam Cümə deyib: “İslam Peyğəmbərinə belə sual verilə bilər: “Ya Rəsullalah bu gün dini başa düşmək çətindir, o dövrün insanlarından nə gözləyirdin?”. Cavab budur ki, Peyğəmbər onlardan dinə tam əməl etmələrini istəmirdi. Çünki onlar bu barədə gücsüz idilər. Lakin qismən də olsa dini qəbul etməliydilər. Bəs əgər dini tam başa düşmürdülərsə, niyə İmam Huseyn səbr etmədi? Niyə inqilab etdi, daha doğrusu mübarizəyə qalxdı? Bir cümlə ilə cavab vermək olar. Yəni İmam Huseyn başa düşdü ki, Yezidin hökümətə yiyələnməsinə etiraz etməsə, İslam tam aradan gedəcək. İmam Əli (ə), İmam Həsən (ə) İslamın bir hissəsinin qalmasına görə səbr etmişdilər. Ancaq İmam Huseynin (ə) vaxtında artıq İslamın tam aradan getməsi təhlükəsi var idi. Zülm söhbəti deyildi. Çünki, digər xəlifələrdə zülm edirdi. İmam Huseyn (ə)-ın dövründəki zülm də fərqli idi. O hansı zülm idi? Bilirsiz ki, 12-ci imamdan başqa bütün imamlar hamısı şəhid olublar. İmam Rzaya (ə) xəlifə Məmun zəhərli üzümü verdikdə, İmam razı olmur. Məmun deyir ki, səni qılınclayacaqlar. İmam Rza (ə) sonra razı olur. Niyə İmam qılınclanmasına razı olmur? Çünki, İmam Rza istəmir ki, bu şəhadətinin səsi çox yayılsın. Belə olan halda, onun dostlarının canı təhlükəyə düşərdi. İmam Rza (ə) bilirdi ki, ondan sonra bir az da olsa din qalacaq. İmam Huseynin (ə) zamanında isə belə deyildi. Həmçinin İmam Huseynin (ə) bütün tərəfdarları da dünyasını dəyişdilər, Kərbəlada qətlə yetirildilər. Dinin tam aradan getmək təhlükəsi var idi”.
Məşhədi Dadaş məscidinin İmam Cüməsi İmam Huseynin dövründə İslamın təhlükəyə hansı səbəbə görə düşdüyünü belə açıqlayıb: “Bəs İmam Huseynin (ə) zamanında niyə din aradan gedəcəkdi? Peyğəmbərdən sonra xəlifə olanlar bir başa peyğəmbərin yerində oturmuşdu. Təsəvvür yaranıb ki, onlar istədiklərini dəyişə bilər. Onlar deyirdilər ki, məmurlara çox pul verək. İmam Əlinin (ə) buna etiraz etməsinə baxmayaraq, onların etdikləri sünnət edilir. Dində tam dəyişiklik edilmir. Niyə? İmam Əli (ə) həssas məqamlarda çıxır etiraz edir. Muaviyə zamanında təhriflər çoxalır. İmam Əli (ə) də yox idi ki, etiraz edə. Çünki şamlılar İmam Əlini (ə) qəbul etmirdilər. Muaviyənin siyasəti var idi. Lakin Yezid belə deyildi. Onun siyasəti yox idi. Təsəvvür edin, hədis demək qadağan olub. İmam Huseynin isə söz deməsinə imkan yoxdur. Din əldən gedir. Yəni elə olmuşdu ki, Yezid din adına nə istəyirdi, onu da edirdi. Bir müğənnini elə qarşılayırdılar, elə bil böyük alimi qarşılayırlar. Xalq da xəlifəni Allahın kölgəsi hesab edirdi”.
Vaxtında İmam Huseynə edilən zülmlərə etiraz etməyən və İslamın lazımi vaxtında hazır olmayanların dünyada da acı aqibətini yada salan İmam Cümə deyib: “ Mədinəlilər İmam Huseynə kömək etmədilər. Onlar Kərbəla hadisəsindən sonra gedirlər Yezidlə maraqlanmağa. Gəlib görürlər ki, Yezid meymun oynadan, şərabxor bir şəxsdir. Onlar qayıdırlar Mədinəyə, inqilablar, qiyamlar başlayır. Yezid qiyamı yatırmaq üçün qoşun göndərir. Qoşuna 3 günlük qiyam edənlərin malları, canları və qeyrətləri halal edilir. İmam Huseyn bu şeylərə görə qiyam etmişdi. İmam Huseyn (ə) çirkin siyasətləri dindən ayırır. Yəni xəlifələrin nüfuzu bundan sonra düşür aşağı. Xəlifələr də bundan sonra ehtiyatlı olurlar. Dində böyük dəyişikliyə cürət etmirlər. Düzdü, onlar zülm etdilər. Ancaq cürət etmədilər ki, hansısa dini məsələni dəyişələr”.
Birinci xütbəsinin sonunda Hacı Şahin Həsənli hicab məsələsilə bağlı danışıb. O deyib: “Hicab məsələsi bizi çox ciddi narahat edən məsələ olaraq qalıb. Hələ də bu problem həllini tampayıb. Bu istiqamətdə ruhanilərin fəaliyyəti davam edir. Müəyyən addımlar da atılıb. QMİ sədri bu məsələnin həllinə çalışır. Xanımlarla və dindarlarla görüş zamanı o, bu məsələnin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bildirir. Biz bu məsələdə Hacı Allahşükür Paşazadəyə dəstəyimizi bildiririk. Gələn həftənin çərşənbə günü günorta namazına Təzə Pirdə hamınızı namaza dəvət edirik. Namaz qılıb, cəm halda şeyxə müraciət edəcəyik”.