Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair növbəti illik məsləhətləşmələr fevralın əvvəllərində keçiriləcək
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair növbəti illik məsləhətləşmələr fevralın əvvəllərində keçiriləcək.
Bu barədə jurnalistlərə ABŞ səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib. O bildirib ki, təhlükəsizlik məsələlərinə dair dialoqun fevralın əvvəllərində Bakıda keçirilməsi nəzərdə tutulur: “Lakin dəqiq tarix hələlik məlum deyil. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri rəhbərlik edəcəklər. Heyətin tərkibinə Pentaqon nümayəndələri də daxildir”.
Xatırladaq ki, Azərbaycanla ABŞ arasında bu tip məsləhətləşmələr ildə bir dəfə keçirilir.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə isə məsləhətləşmələr fevralın 7-də keçiriləcək. Məsləhətləşmələrə qatılacaq Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro rəhbərlik edəcək.
“Aran” İA