Tarix : 2011 Jan 11
Kod 20618

Son olaylarla bağlı ''Milli-Mənəvi Dəyərlər'' İctimai Birliyi bəyanat yayıb

Azərbaycan Respublikasında baş verən son olaylarla bağlı “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi bəyanat qəbul edib
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasında baş verən son olaylarla bağlı “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi bəyanat qəbul edib. Bəyanatda deyilir:

 

"Son bir neçə gün ərzində Azərbaycanda ruhanilərin, İslam yönümlü təşkilatların və ümumiyyətlə müsəlmanların həbsi həyata keçirildi. Onlara qarşı gülünc və əsassız ittihamlar irəli sürüldü, günahsız insanlar zindanlara atıldılar.

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin İdarə Heyəti, Ruhanilər Şurası və üzvləri ölkədəki son hadisələri qətiyyətlə pisləyir, bunu dövlətlə din arasındakı münasibətlərin son dərəcə pisləşməsinə yönəli bir addım kimi dəyərləndirir.

Xüsusən də orta məktəblərdə hicaba qoyulan qadağa fonunda baş verən bu kütləvi həbslər, Azərbaycanda dindarların ciddi təzyiqlərə məruz qalmasını söyləməyə əsas verir.

MMDİB hesab edir ki, böyük əksəriyyətini müsəlmanlar təşkil edən bir ölkədə hökumət dairələrinin bu tipli davranışları yolverilməzdir. MMDİB ümid edir ki, hicab qadağası ölkə rəhbərliyinin müdaxiləsilə aradan qaldırılacaq, öz hüquqlarının müdafiəsinə qalxan müsəlmanların təzyiqlərinə və əsassız həbslərinə dərhal son qoyulacaq, bununla da cəmiyyətdəki hər an artan gərginlik və narazılığa son veriləcəkdir."

Xatırladaq ki, həbsə alınanlar arasında “Milli-Mənəvi Dəyərlər” ictimai birliyinin sədri Mehdi Məmmədov da var. Dünən məhkəmənin qərarıyla ona 10 sutka həbs cəzası verilib.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2011 Jan 11