Azərbaycan servisi/Aran agentliyi
Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutu İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbs olunması ilə bağlı bəyanat verib. Bəyanatda Mövsüm Səmədovun həbs olunması pislənilir.
Bəyanatda bildirilir ki, M.Səmədovun həbs olunması və ona qarşı terrora, asayişin pozulmasına hazırlıq ittihamlarının irəli sürülməsi əslində söz azadlığının pozulmasıdır: “Mövsüm Səmədov İslam Partiyasının Məclisində hakimiyyəti tənqid ruhunda çıxış edib. Onun çıxışı internetdə yayılıb. Məhz bundan bir neçə gün sonra Mövsüm Səmədova qarşı ağır ittihamlarla cinayət işi açılıb və o həbs edilib. Burada açıq-aydın görünür ki, İslam Partiyasının sədri azad fikir bildirmək hüququndan istifadə etdiyi üçün hakimiyyətin qəzəbinə gəlib və onun ağır ittihamlarla məsuliyyətə cəlb olunması qərarı verilib. Sülh və Demokratiya İnstitutu hesab edir ki, Azərbaycanda siyasi partiyaların üzvləri, ictimai təşkilatların üzvləri, ümumiyyətlə vətəndaşlar söz azadlığı hüququndan məhrumdurlar. Bu hüquqdan istifadə edənləri ağır cəza gözləyir”.
Sülh və Demokratiya İnstitutu söz azadlığına qarşı repressiv üsullarla davranmaya son qoyulmasına çağırır.
Bəs, Mövsüm Səmədovun və Nemət Pənahlının həbsi Azərbaycanda yeni siyasi məhbus problemini yaradacaqmı?
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirdi ki, Mövsüm Səmədovun siyasi məhbus siyahısına salınacağı şübhəsizdir: “Mən ona görə məhz Mövsüm Səmədov haqda dəqiq fikir bildirirəm ki, onun çıxışını internetdə şəxsən dinləmişəm. O çıxışda hakimiyyət sərt tənqid edilir. Onun həbsinə bu çıxışın səbəb olduğuna şübhə etmirəm. Sülh və Demokratiya İnstitutu Mövsüm Səmədovu siyasi məhbus siyahısına daxil edəcək və beynəlxalq təşkilatlara həmin siyahını göndərəcək”.