İnsan haqlarının və demokratik prinsiplərin təmin olunması üçün üzərinə öhdəlik götürmüş Azərbaycanda son dövrlərdə insan hüquqlarının pozulması istiqamətində hadisələr baş verməkdədir
Azərbaycan servisi/Aran agentliyi
İnsan haqlarının və demokratik prinsiplərin təmin olunması üçün üzərinə öhdəlik götürmüş Azərbaycanda son dövrlərdə insan hüquqlarının pozulması istiqamətində hadisələr baş verməkdədir. Buna misal olaraq azan qadağası, məscidlərin sökülməsi, dindarların heç bir səbəb olmadan qanunsuz həbsi və məktəblərdə hicabın qadağası kimi halları göstərmək olar.
Bildiyimiz kimi, bütün tarixi dövrlərdə baş örtüyü xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi olub. Tarixi mənbələrdə belə, Azərbaycanı təmsil edən dahi xanımlarımız hər bir halda baş örpəklərini qorumuşlar. Sara Xatun, Xurşidbanu Natavan və s. kimi xanımlar bunun bariz nümunəsidir.
Onu da qeyd edək ki, Azərbaycan xalqının 90% - indən çoxu İslam dininə mənsubdur və hicab İslam dinində buyrulmuş vacib əmrlərdən biridir. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş qanunlarda hər kəsin din və vicdan azadlığı ilə birgə təhsil almaq hüququ vardır. Bütün bu əsasları nəzərə alaraq, təhsil naziri tərəfindən orta məktəblərdə baş örtüyünün qadağan olunması tam əsassız olmaqla yanaşı, birbaşa konstitusiyanın qanunlarına da ziddir.
Ən təəssüfedici hal budur ki, bu məsələlərə etirazını bildirən inanclı insanlara təzyiqlər göstərilir. Söz azadlığından istifadə edərək mövqeyini bildirən konkret insanlara qarşı müxtəlif bəhanələrlə cinayət işlərinin açılması isə daha gülünc vəziyyət yaradır. Demokratik cəmiyyətdə və söz azadlığının olduğu bir ölkədə azad fikirli insanlara olunan qeyri-qanuni təzyiqlər, dekabr ayının əvvəllərində Təhsil Nazirliyinin qarşısında baş vermiş hadisələrdə də öz əksini tapmışdır. 2009-cu ilin İslam Mədəniyyət Paytaxtı olan Bakı şəhərində bu hadisələrin baş verməsi çox təəccüblüdür.
İctimai Birlik olaraq nizamnaməmizdə qeyd olunmuş məqsəd və vəzifələrimizdən biri də, demokratik islahatların təbliğində iştirak etməkdir. Odur ki, müəyyən qərəzli məmurlar tərəfindən dinc insanlara qarşı tətbiq edilən zorakılıqlara və qanunsuz həbslərə qarşı kəskin etirazımızı bildiririk. Bəyan edirik ki, bütün Azərbaycan xalqı və İctimai Birliklər Respublikamızın qanunlarını əsas tutaraq, bu qanunları pozanlara qarşı biganə qalmayıb, münasibət bildirməlidir.