Azərbaycan İslam Partiyası Hacı Mövsüm Səmədovun həbsini kəskin pisləyərək onun tezliklə azadlığa buraxılmasını tələb etdi
Azərbaycan servisİ/Aran agentliyi
Azərbaycan İslam Partiyası siyasi fəaliyyətə başladığı 1992-ci ildən Azərbaycan dövlətinin möhkəmlənməsi uğrunda mübarizə aparmış, 70 illik sovet rejiminin xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə vurduğu yaraların tədricən sağalmasına çalışmışdır.
AİP-in cəmiyyətdə dəstəklənməsi və onun tərəfdarlarının artmasının əsas səbəblərindən biri də məhz partiyanın aşkar və şəffaf şəkildə siyasi fəaliyyət göstərməsi, ölkədaxili və xarici siyasətdə yol verilən nöqsanları tənqid etməsidir. Bu addımlarına görə siyasi qurumun rəhbərliyi və üzvləri daim təzyiq və təqiblərə məruz qalmışlar.
Elə həmin represiyyaların davamı kimi yanvarın 7-də axşam saatlarında AİP rəhbərliyi mərkəzi qərargahın qarşısında saxlanılaraq, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinə aparılmışdır. Yanvar ayının 8-9-da da partiyanın rəhbərliyində təmsil olunan digər şəxslərin həbsi davam etmişdir. Qeyri-qanuni saxlanılanların əksəriyyəti inzibati qaydada cəzalandırılsalar da AİP sədri Hacı Mövsüm Səmədova qarşı iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanların cihada təhriki kimi uydurma ittihamlar irəli sürülmüşdür. Hətta bu günədək onun saxlanma yeri də bəlli deyil.
AİP bütün baş verənləri ilk növbədə əhalisinin 95%-i müsəlman olan bir ölkədə İslami dəyərlərə və onun daşıyıcılarına qarşı təcavüz kimi qiymətləndirir.
AİP qurumun sədrinə və üzvlərinə qarşı edilən təqib vət təzyiqləri qətiyyətlə pisləyir və əsassız ittihamları tamamilə rədd edir.
AİP sifarişli represiyyaların tezliklə dayandırılmasını və həbs olunanların azadlığa buraxılmasını tələb edir.