sabah, 12 yanvarda şəhər məktəblərinin 7-11-ci sinif şagirdləri üçün məktəbli geyimi nümunəsinin təqdimatı olacaq. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, sabah, 12 yanvarda şəhər məktəblərinin 7-11-ci sinif şagirdləri üçün məktəbli geyimi nümunəsinin təqdimatı olacaq. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Yeni dərs ilindən Bakı məktəblərinin bütün şagirdləri vahid məktəbli geyiminə keçəcək", - idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
2010-cu ildə şəhər məktəblərinin 1-4-cü sinif şagirdləri üçün vahid məktəbli geyimi tətbiq olunub.
"Yeni dərs ilindən 1-6-cı sinif şagirdləri 2010-cu ildə idarənin tətbiq etdiyi məktəbli geyiminə, 7-11-ci sinif şagirdləri isə Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının müəyyən etdiyi yeni məktəbli geyiminə keçəcəklər", - Əliqızı bildirib.
Lakin ekspertlərə görə, əslində forma Təhsil Nazirliyi tərəfindən müəyyən edilib və burada valideynlərin fikiri ümumiyyətlə nəzərə alınmayıb. Nəticədə isə yeni vahid forma bəhanəsilə başörtüklü qız şagirdlərin dərsə buraxılmamasına hüquqi baza hazırlanmış olur.
“Aran” İA