Azərbaycanın müxalifyönümlü “Demokrat Partiyası”nın sədri Sərdar Cəlaloğlu düşünür ki, Müsavat Partiyasından istefalar davam edəcək
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycanın müxalifyönümlü “Demokrat Partiyası”nın sədri Sərdar Cəlaloğlu düşünür ki, Müsavat Partiyasından istefalar davam edəcək. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasında baş verən son istefaları şərh edərkən deyib.
"Müsavat Partiyasında baş verən hadisələr parlament seçkilərindəki uğursuzluqla bağlıdır", - Cəlaloğu deyib. Onun sözlərinə görə, bundan əvvəlki dövrlərdə başqa partiyalardan fərqli olaraq, Müsavat demək olar, bütün parlament seçkilərində müəyyən yer əldə edə bilib.
"Müsavat Parlament partiyası funksiyasını daşıyıb. Bu da partiyanın gələcəyinə həm ümidləri qoruyub saxlayırdı, həm də müəyyən mənada partiya üzvləri arasında birliyin yaranmasını təmin edirdi. Bu seçkilərdə Müsavat parlamentdə yer ala bilmədi və ilk dəfə dövlətin həyatından tamamilə kənarlaşdı. Bizim kimi partiyalarda belə hallar uzun müddət davam etdiyinə görə, hakimiyyətdə heç vaxt təmsil olunmadığımıza görə belə problemimiz yoxdur. Müsavat Partiyası bizdən fərqli olaraq, vaxtilə hakimiyyətdə olan qüvvələr tərəfindən yaradılıb və bu partiyanın ətrafında insanların toplaşmasının bir səbəbi də məhz təkrar hakimiyyətdə olmaq iddiasından ibarət idi. Müsavat Partiyasında böyük nailiyyətsizlik sindromu yaranıb. Bizim üçün bu gözlənilən idi, ancaq Müsavat üçün, açığı deyim ki, bu hadisə gözlənilməzlik effekti yaratdı", - Cəlaloğlu əlavə edib.
Son dövrlər Azərbaycanın müxalif Müsavat Partiyasının dörd funksioneri - Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiyadan istefa verib.
“Aran” İA