Tarix : 2011 Jan 11
Kod 20653

AXCP, AİP SƏDRİ İLƏ BAĞLI SƏRT BƏYANAT VERDİ

Əli Kərimli İslam Partiyasının üzvlərinə çağırış etdi
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyəti AİP və AMDP sərdləri Mövsüm Səmədovla Nemət Pənahlının həbsi, eləcə də inanclı insanlara qarşı repressiyalarla bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan bəyanatda bildirilir ki, son dövrlər özünü dünyada təcrid olunma vəziyyətinə gətirən YAP iqtidarı ölkə daxilində repressiyaları artırmaqla, daxili müqaviməti zəiflətməklə, Azərbaycan xalqının demokratik cəmiyyət qurmaq səylərinin qarşısını almaqla, ölkədə fikir müxtəlifliyini, vicdan azadlığını, söz və ifadə azadlığını boğmaqla öz qanunsuz hakimiyyətini möhkəmlətmək siyasəti yürüdür: “Bu günlərdə AİP sədri Mövsüm Səmədovun və AMDP sədri Nemət Pənahlının hakimiyyət mənsublarına, YAP iqtidarının mahiyyətinə və apardığı siyasətə qarşı mətbuatda səsləndirdikləri bəzi tənqidi
 fikirlərdən sonra onlara, onların yaxınlarına və ölkədə siyasi fəaliyyətlə məşğul olan bəzi inanclı şəxslərə qarşı geniş repressiyalar aparılır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan İslam və Milli Dövlətçilik partiyalarının sədrlərinin, onların yaxınlarının, o cümlədən bir çox inanclı insanların müxtəlif bəhanələrlə həbs edilməsini, bəzi həbs edilənlərə qarşı edilmiş insanlığa zidd hərəkətləri qətiyyətlə pisləyir və bunu ölkədə ifadə azadlığının boğulması və insan haqlarının kobud şəkildə tapdalanması kimi qiymətləndirir.

AXCP hesab edir ki, inanclı insanlara qarşı bu repressiyalar bütövlükdə cəmiyyəti susdurmaq və ölkədə siyasi mübarizəni sivil müstəvidən çıxarıb zora və irticaya söykənən müstəviyə sürükləmək məqsədi daşıyır.

AXCP hesab edir ki ,bu qanunsuz tədbirlər ölkədə siyasi ab-havanı daha da radikallaşdıracaq, Azərbaycanın dünyadakı imicini daha da zəiflədəcək, ölkədə vətəndaş cəmiyyəti formalaşmasına ciddi ziyan verəcək.

AXCP bütün inanclı vətəndaşları, o cümlədən İslam Partiyası tərəfdarlarını bu proseslərdə dözüm nümayiş etdirməyə və hadisələrin qanun müstəvisindən kənara çıxmasına rəvac verməməyə çağırır. Ölkə rəhbərliyindən isə öz vətəndaşlarına qarşı qanunsuz repressiyaların dayandırılmasını tələb edir”. 

  • Yazılıb
  • da (də) 2011 Jan 11