Vəkil Anar Qasımov yanvarın 13-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla görüşüb
Azerbaijan servsi/Aran agentliyi
Vəkil Anar Qasımov yanvarın 13-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla görüşüb.
Vəkil qeyd edib ki, Mövsüm Səmədova heç bir cinayət işi qaldırılmayıb: “Onunla bağlı vəziyyət absurddur. Mövsüm Səmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 13 sutkalıq həbs cəzası alıb. Onunla eyni vaxtda tutulub məhkum olunan şəxslər Binəqədidəki İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində saxlanır. Amma Mövsüm Səmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Niyə belədir? Səbəbi bəlli deyil.
Mənimlə söhbətində Mövsüm Səmədov dedi ki, idarədə heç bir yazılı izahat verməyib. Sadəcə, idarənin əməkdaşları onunla şifahi söhbət edib. Söhbətin mövzusu isə partiyanın Böyük Məclisinin son iclasında etdiyi çıxışla bağlı olub. Onu çıxışı ilə bağlı sorğu-suala tutublar”.
Yanvarın 2-də AİP Baş Məclisinin iclasında çıxış edən partiya lideri Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını tənqid edib və bunu Azərbaycan xalqına mənəvi zərbə kimi qiymətləndirib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri qeyd edib ki, hazırda Azərbaycanda məhz belə vəziyyət yaranır. O, Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə heç bir fiziki təzyiq olunmadığını vurğulayıb: “Saxlanma yerindən, qidalanmasından heç bir şikayəti yoxdur. Vizual olaraq bədənində hər hansı fiziki təzyiq əlaməti hiss edilmir”.
Anar Qasımov hüquqlarını müdafiə etdiyi digər şəxslə - Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədovun da eyni idarədə saxlandığını deyib: “Ona Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə qərarı var. İşi Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsi aparır. Amma onun da nə üçün Daxili İşlər Nazirliyinin idarəsində saxlanılması təzadlı məsələdir. Bununla bağlı Respublika Prokurorluğuna müraciət edəcəm. //mediaforum//
Bu gün idarədə heç bir müstəntiq görmədim. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin rəisi Tahir Zeynalovun qəbulunda oldum. Görüşü o təmin etdi. Mənə rəsmi qaydada nə ittiham, nə də cinayətin başlanması haqqında arayış təqdim olundu”.