AİP sədrinin vəkili Anar Qasımovla əlaqə saxladıq və o, FaktXeber.com-a verdiyi münasibətdə məlumatı təsliqləyərək bildirdi ki, Dəyanət Səmədovdan işgəncələr altında ifadə alınıb
Az\rbaycan servisi/Aran agentliyi
Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə ittiham olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov ittihamı qəbul edib. “Media forum”a açıqlamasında Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova deyib. O, yanvarın 13-də və bu gün vəkil Anar Qasımovla görüşdüyünü, məlumatları vəkildən aldığını bildirib.
Mehparə Səmədovanın sözlərinə görə, hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Dəyanət Səmədova işgəncə verilib: “Onu döyüblər. Qoca əmisini, mənim qayınatam Mərdan Səmədovu qorumaq üçün ittihamı qəbul edib. Ona deyiblər ki, sən bu ittihamı qəbul eləməsən, qoca əmini bura gətirib silah-sursatı onun boynuna qoyacağıq”.
Rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şübhəli şəxs qismində saxlanılmış Mövsüm Səmədovun əmisi oğlu, Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya baxış keçirərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar edib. Respublika Prokurorluğu faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə istintaq aparır.
Yanvarın 13-də Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, qurumun işgəncələr əleyhinə milli preventiv mexanizm qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında Mövsüm və Dəyanət Səmədovlarla görüşüb. Məlumatda deyilir ki, qrupun üzvləri saxlanılan şəxslərin hər biri ilə təkbətək görüşərək söhbət aparıblar. Söhbət zamanı hər iki saxlanılan şəxs saxlandıqları müddətdə onlara qarşı rəftardan və saxlanma şəraitindən narazılıq etməyiblər. Həmin şəxslərin razılığı ilə onların bədəninə vizual baxış keçirilib, xəsarət əlamətləri aşkar edilməyib.
Qeyd edək ki, mövzu ilə əlaqədar AİP sədrinin vəkili Anar Qasımovla əlaqə saxladıq və o FaktXeber.com-a verdiyi münasibətdə məlumatı təsliqləyərək bildirdi ki, Dəyanət Səmədovdan işgəncələr altında ifadə alınıb və təqsirləndirilən şəxs odlu silah tapmasını etiraf edib. "Düzdür ki, Dəyanatdan müxtəlif vasitələrlə yazılı etiraf alınıb. Lakin bu etiraf onun odlu silahı tapmasına aiddir. Hər-halda bu etirafın Mövsüm Səmədovun işinə heç bir adiyyatı yoxdur"-deyə vəkil Anar Qasımov əlavə edib.