Azərbaycandakı hicab qadağası və müsəlmanların kütləvi həbsi qardaş Türkiyədə geniş etirazlara səbəb olmaqdadır
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycandakı hicab qadağası və müsəlmanların kütləvi həbsi qardaş Türkiyədə geniş etirazlara səbəb olmaqdadır.
İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, növbəti belə aksiya Kocaelidə yerli Mədəniyyət Təşkilatları Platforması tərəfindən təşkil edilib.
Yanvarın 15-də İzmit İnsan Haqqları parkında toplaşanlar Türkiyədə hicaba qoyulan qadağa ilə başladılan mübarizənin 300-cü həftəsinə qədəm qoyulması münasibətiylə bu İslami vacibatın yasaqlanma tarixçəsinə nəzər salıblar. Həmçinin bu günlərdə Tunisdəki hadisələr də diqqət mərkəzində olub. Bildirilib ki, prezident Zeynalabidin Bin Əlinin bu gün devrilməsinin təməli İslami əsaslara başladılan təzyiqlərlə qoyulub.
Aksiya iştirakçıları Azərbaycandakı hadisələrə də biganə qalmayıblar. Onlar dərhal orta məktəblərdə hicaba qoyulan qadağanın aradan qaldırılmasını, İslam Partiyasının sədri Mövsüm Səmədovun azadlığa buraxılmasını tələb ediblər.
Tədbir iştirakçıları əllərində "Hicab Allahın əmridir", "Hicaba azadlıq!", "Səmədova azadlıq!", "Hicaba uzanan əllər kəsilsin!", "Səmədov yalqız deyil!", "Səmədova salam olsun!" plakatları daşıyıblar.
Qeyd edək ki, Akyazı, Konya və Sakaryada da bu cür aksiyalar keçirilib.