Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun müdafiə komitəsi sabah mətbuat konfransı keçirməyi planlaşdırır. Bu barədə redaksiyamıza AİP Baş Məclsinin üzvü Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, bu gün keçirilməsi planlaşdırılan mətbuat konfransının vaxtı, müəyyən səbəblər üzündən sabaha təyin olunub. "Biz mətbuat konfransını bu gün keçirməyi planlaşdırsaq da, amma müəyyən problemlər üzündən konfrans sabah keçiriləcək. RATİ-nin ofisində keçiriləcək sabahkı konfransda, bütün mətbuat mənsublarının və ictimaiyyət nümayəndələrinin iştirakı olacaq. Hər-halda düşünürəm ki, yaradılan müdafiə komitəsi Mövsüm Səmədov və digər həbs olunan dindarların azad olunmasına təsir edəcək"-deyə Natiq Kərmiov FaktXeber.com-a bildirib.
Müdafiə komitəsindəki şəxslər barədə də məlumat verən AİP Baş məclisinin üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının və Birlik Partiyasının (BP) sədri Xudu Xudiyevin və "Bakı Dirçəliş" İctimai Birliyinin sədri Abbasağa Məmmədovun adlarını çəkib. "Müdafiə komitəsində ölkənin nüfuzlu ruhaniləri də olacaq. Bundan əlavə bəzi təşkilat sədrlərinə də müraciət ünvanlamışıq və hələlik cavab almamışıq"-deyə əlavə edib.
Məlumat üçün bildirək ki, ötən gün Vəkil Anar Qasımov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla görüşüb. Vəkil qeyd edib ki, Mövsüm Səmədova heç bir cinayət işi qaldırılmayıb: “Onunla bağlı vəziyyət absurddur. Mövsüm Səmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 13 sutkalıq həbs cəzası alıb. Onunla eyni vaxtda tutulub məhkum olunan şəxslər Binəqədidəki İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində saxlanır. Amma Mövsüm Səmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Niyə belədir? Səbəbi bəlli deyil.