''Mövsüm Səmədovun işini aparan müstəntiqlər, mənimlə görüşməkdən imtina edir. Artıq bununla bağlı mən Baş Prokurorluğa da şikayət etməyə hazırlaşıram''-deyə Anar Qasımov FaktXeber.com-a bildirib
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun inzibati həbs qərarından apellyasiya şikayəti verilib. Bu barədə AİP sədrinin vəkili Anara Qasımov məlumat verib. Onun sözlərinə görə, Nərimanov rayon məhkəməsində baş verən qanunsuzluqdan sonra, nəhayət Mövsüm Səmədovun inzibati həbs qərarından apellyasiya şikayəti vermək mümkün olub.
“Bu gün Nərimanov rayon məhkəməsinə getsəm də, Mövsüm Səmədovun inzibati həbs olunması ilə bağlı qərarı mənə oradan vermədilər. Necə ki, bu qərarı məndən öncə Mövsüm Səmədovun özünə verməliydilər verməyiblər, mənə də bu qərarı verməkdən imtina etdilər. Nərimanov rayon məhkəməsində özünü hakim Sənan Hacıyevin köməkçisi kimi təqdim edən Cavid Rzazadə, mənə Mövsüm Səmədov barədə məhkəmin çıxardığı qərarın sürətini vermək əvəzinə, orderimin əslini tələb etdi. Nə qədər bu şəxsə başa salmaq istədim ki, Mövüsm bəyin vəkiliyəm və mənim orderimin əslini sənə verməyimə ehtiyac yoxdur, bu şəxs tutduğundan dönmədi. Cavid bəyin nəzərinə çatdırdım ki, bəlkə heç mən bu qərardan şikayət etməyəcəm, niyə sizə orderimin əslini verim. Cavab isə qərarı vermirəm, vəssalam oldu”-deyə Anar Qasimov FaktXeber.com-a bildirib.
Qeyd edək ki, AİP sədrinin vəkili Anar Qasımov rayon məhkəməsində özünü qoçu kimi aparan Cavid adlı şəxsdən hakim Sənan Hacıyevlə görüşmək tələb etdikdə, “hakim heç kimlə görüşmək istəmir” cavabını verib. Elə bu səbəbdən vəkil Anar Qasımov Nərimanov rayon məhkəməsinə inzibati həbs qərarından apellyasiya şikayətini qərarı almadan və onunla tanış olmadan yazmalı olub.
Bir neçə gün ərzində hüquqlarını müdafiə elədiyi şəxslərdən yalnız Mövsüm və Dəyanət Səmədovla təkcə bir dəfə görüşdüyünü söyləyən vəkil Anar Qasımov, Respublika Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri Mehdi Mirzəyevlə hələ də görüşə bilmədiyini deyib. “Bu arada onu da bildirmək istərdim ki, Mövsüm Səmədəovun işini aparan müstəntiqlər, mənimlə görüşməkdən imtina edir. Artıq bununla bağlı mən Baş Prokurorluğa da şikayət etməyə hazırlaşıram. Çünki müstəntiqlərin bu qanunsuz hərəkətləri, prosesə mane olur”-deyə vəkil əlavə edib.