Tarix : 2011 Jan 18
Kod 20815

''AZƏRBAYCAN MEŞƏ QANUNLARI İLƏ İDARƏ OLUNUR''

RATİ-də təşkil olunan mətbuat konfransında Asəf Əliyev, özünün də yerli polis tərəfindən təqib olunduğunu bildirib və şəhərə həbs olunmamaq üçün qayıtmadığını söyləyib
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və həbs edilən digər dindarların hüquqlarını müdafiə edən komitənin təşkil etdiyi mətbuat konfransında, Gəncədə baş verən represiyalar barədə də danışılıb. Ötən gün həbs edilən iki gəncəli ruhani barəsində mətbuat nümayəndələrinə məlumat verən Asəf Əliyev adlı gəncəli ruhani, şəhərdə dindarların qanunsuz həbs olunduğunu bildirib.

Qeyd edək ki, üç gün bundan öncə Azərbaycandan Gürcüstana keçərkən sərhəd polisi tərəfindən saxlanılan Cəbiyev Azər Arif oğlu və İlyasov Fəxri Həsən oğlunun harada saxlanıldığı barədə məlumat verilmir. Ailə üzvləri və yaxınları Gəncə şəhər polis idarəsinə ruhanilərin saxlanma yeri barədə müraciət etsələr də, hər ikisinin saxlanıldığı yer barədə heç bir məlumat verilməyib.  

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində konfrans zamanı Asəf Əliyev, özünün də yerli polis tərəfindən təqib olunduğunu bildirib və şəhərə həbs olunmamaq üçün qayıtmadığını söyləyib. Azərbaycanın meşə qanunları ilə idarə olunduğunu bildirən Asəl Əliyev, Gəncədə həbs olunan ruhani dindarlara qarşı cinayət işinin açıldığını bildirib. “İki gün bundan qabaq ilahiyyatçı alim Fəxri İlyasov və Azər Cəbiyev həbs olunub. Onlarla heç kəsin görüşməsinə icazə verilmir. Bundan əlavə AİP Gəncə şöbəsinin rəhbəri Hacı Yusifə məxsus olan, lakin onun yaşamadığı evdə məhkəmənin icazəsi olmadan yoxlanış aparılıb və oradan silah tapılıb. Hazırda məni də axtarırlar. Gəncədə olmadığım müddətdə anamı polis böməsinə apararaq bir neçə saat orada saxlayıblar. Bundan əlavə həbs olunan Azər Cəbiyevin 60 yaşlı atasına heç bir əsas olmadan 3 sutka həbs cəzası verilib”- deyə Asəf Əliyev bildirib.

 

  • Yazılıb
  • da (də) 2011 Jan 18