Türkiyənin ən böyük insan haqları təşkilatlarından olan ''Mazlumder'' Azərbaycandakı monitorinqini 19 yanvarda davam etdirib
Azərbaycan servisi/Aran agentliyi
Türkiyənin ən böyük insan haqları təşkilatlarından olan "Mazlumder" Azərbaycandakı monitorinqini 19 yanvarda davam etdirib.
Monitorinqin azərbaycanlı üzvü Ramin Bayramovun İslam-Azeri.az İnternet qəzetinə verdiyi məlumata görə, onlar QMİ-də idarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə görüşüblər.
"Mazlumder" rəsmiləri təşkilatın baş katibi Şərifə Gül Arıman və baş katibin müavini Uzeyir Yigit görüşləri zamanı Azərbaycanın orta məktəblərindəki hicab qadağası ilə bağlı QMİ rəsmisinin məlumat verməsini xahiş ediblər.
Rəhimə Dadaşova ölkədə belə bir qadağanı təsdiqləyən rəsmi qərarın olmadığını önə çəkərək bu problemin ortaq məxrəcə gələrək həll edilməsinin tərəfdarları olduğunu bildirib.
QMİ-nin mətbuat katibi daha sonra deyib: "Hörmətli Şeyximiz mətbuatın bu məsələ ilə bağlı sualını cavablandıranda "Hicab Allahın hökmüdür. Baş örtüsünün örtülüb örtülməməsi deyil, vahid məktəli formasına uyğunlaşdırmaq lazımdır" kimi açıqlama vermişdir. Əlbəttə bizim ölkəmiz dünyavi bir dövlətdir. Ancaq biz çalışırıq ki, məsələ həllini tapsın. Ümidvarıq yaxın gələcəkdə dövlətimizin hörmətli başçısı məsələnin həllini reallaşdıracaqdır. Çünki bizim dövlət başçımız Ramazan ayında iftarlarda iştirak edir. Bu isə o deməkdir ki, prezidentimizin mənəvi dəyərlərə necə bağlılığı var".
"Mazlumder"in baş katibinin birinci müavini Üzeyir Yigit isə QMİ rəsmilərinin onları qəbul etməsinə görə xoşhal olduğunu deyərək sözlərini belə davam edib: "Biz Azərbaycanla sözdə deyil, həqiqətdə qardaşıq. Biz Azərbaycan xalqının və ölkəsinin xeyrini istədiyimizə görə bura gəlmişik. Lakin biz insan haqlarını müdafiə edənlərik. Bu baxımdan da hər hansı bir ölkədə insan haqları pozulursa, biz o dövlətlərə bu məsələnin neqativ hallarını anladırıq. Çalışırıq ki, ortaq məxrəcə gəlinsin və insanların haqları pozulmasın. Ümidvarıq ki, qardaş ölkə bunu nəzərə alacaq və istər xarici istərsədə daxili düşmənlərin istədikləri xalqın parçalanmasını və ya hətta bir qrupun ölkə daxilində ayrılmasına yol verməyəcəkdir".