Azerbaijan servsi/Aran agentliyi
Səhər TV--Bu gün "Təzə Pir" kompleksinə mindən çox dindar yığışaraq QMİ sədri Allahşükür Paşazadə ilə görüşmək istəyiblər.
İslam-Azeri.az İnternet qəzetinin müxbirinin verdiyi xəbərə görə, çox sayda ruhaninin də iştirakı ilə keçirilən bu tədbir məscidin içində olub.
Ruhanilərdən Hacı Əli, Hacı Sərdar, Hacı İlham, Hacı Seyyid Elman, Hacı Mir Cəfər və başqaları məsciddə olublar.
Onlar son zamanlar dindarların həbsini pisləmiş və hicab qadağasının 2 aydan çoxdur yüzlərlə şagirdi təhsildən məhrum etdiyini bildiriblər.
Sonda bəyanat qəbul edilib. "Azadxeber.az"a təqdim edilən bəyanatı diqqətinizə çatdırırıq:
BƏYANAT
"İlahi!" Biz Peyğəmbərimizin həyatda olmamasından, imamımızın qeybdə olmasından, düşmənlərimizin çoxluğundan, sayımızın azlığından, fitnələrin şiddətindən, zəmanənin bizim əleyhimizə təzahür etməsindən sənə şikayət edirik. İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər..." (İftitah duasından)
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası qanununun "Dini etiqad azadlığı" ilə əlaqədar 1-ci maddəsində deyilir: "Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Valideynlər və ya onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər"
Respublikamızda İslam dininə etiqad edən dindarlar İslam əhkamlarından biri olan baş örtüsü əmrini həyata keçirərkən və onu yayarkən müstəqil respublikamızın heç bir qanununu pozmamışlar. Buna baxmayaraq dövlətimizin bəzi məmurları dövlət ilə dindarlar arasında narazılıqlar yaratmağa səy göstərirlər.
Təəssüf doğuran başqa bir durum da odur ki, hicabla bağlı hər bir etiraz və yaxud narazılıq ayrı-ayrı din adamlarının tutulub-saxlanması ilə nəticələnir.
Vicdan azadlığına hörmətlə yanaşılan demokratik bir ölkədə din qanunlarına qarşı belə münasibət müstəqil dövlətimizə baş ucalığı gətirməz.
Biz Azərbaycan ruhaniləri və dindarları hicab qadağasını, bu məsələ ilə əlaqədar gülünc bəhanələrlə ittiham olunaraq həbs olunmuş şəxslərin saxlanmasını məhkum edirik. Habelə sözü gedən məsələlərin tezliklə müsbət şəkildə həll olunmasını, son zamanlar KİV-də müşahidə olunan, dini təhsilə malik olmayan insanlar tərəfindən, dinə və dindarlara qarşı qərəzli çıxışlara son qoyulmasını tələb edirik.
Dediklərimizə əlavə olaraq qeyd etmək istəyirik ki, ölkə dindarlarının İslam dininin əhkamlarına samimi sədaqətinin ayri-ayrı ölkələrin sifarişi kimi dəyərləndirilməsini dindar təbəqəyə təhqir kimi qəbul edir, bu fikirlərin diqqəti bizim haqqlı tələblərimizdən yayındırmağa yönəldiyini təkidlə vurğulayırıq.
Fikirimizsə problemin həllinə mane olan amilləri ölkə hüdüdlarınadan kənarda deyil, bəzi məmurların naşı addımlarından axtarmaq lazımdır.
İnanırıq ki, Azərbaycan xalqının dini dəyərlərinə tarixi bağlantısına hörmətlə yanaşaraq problemin konkret həlli yönümündə müsbət addımlat atılacaq.
"Sözləri dinləyib ən yaxşısına tabe onan bəndələrimə müjdə ver" (Zumər 17-18)
Xatırladaq ki, polis saat 11-dən etibarən dindarların "Təzə Pir" kompleksinə tərəf getməsinə maneə yaradıb.