Masallıda dindarlarla polis arasında toqquşma baş verib. Hadisə dünən axşam saatlarına təsadüf edib
Azerbaijan servsi/Aran agentliyi
Masallıda dindarlarla polis arasında toqquşma baş verib. Hadisə dünən axşam saatlarına təsadüf edib. Əldə etdiyimiz məlumatlara görə, toqquşmaya rayonun Xıl kəndində 1955-ci il təvəllüdlü Hacı Seyyid Fəramiz Abbasov adlı dindarın həbsi səbəb olub. Hacı Fəramiz Abbasov Masallı rayonunun Boradigah qəsəbəsində iştirak etdiyi yas mərasimindən çıxarılaraq həbs olunub. Onun həyat yoldaşı səhər saatlarında həyətlərindəki tövləyə girərkən orada silah-sursat görüb. O, tövlədə silah tapıldığını kənd camaatına bildirib. Bir qədər sonra Hacı Fəramiz Abbasovun evi əlliyə yaxın polis əməkdaşı tərəfindən mühasirəyə alınıb. Tövlədən çıxan silahlar Hacı Fəramiz Abbasova məxsus olması haqda akt tərtib edilib.
Hacı Fəramiz Abbasovun həbsi xəbəri camaatına çatanda isə 300-dən artıq sakin Masallı Rayon Polis Idarəsinin qarşısına toplaşıb. Onlar Abbasovun qanunsuz saxlanılmasına etiraz ediblər. Idarənin qarşısına toplaşanları dağıtmaq məqsədiylə polis aksiya iştirakçılarına qarşı zor tətbiq edib. Yaşanmış insident zamanı 15-dən çox aksiya iştirakçısı xəsarət alıb.
Hacı Fəramiz Abbasovun oğlu Əmin Abbasov isə “Azadlıq”a açıqlamasında bildirib ki, atası təxribatın qurbanı olub: “Bu açıq-aşkar təxribatdır. Kimlərsə həyətimizdəki tövlənin banına silah atıb. Ehtimal edirik ki, bu sübh çağı olub. Səhər anam həmin silahları aşkar edib və çıxarıb həyətin ortasına qoymuşuq. Kənd camaatına xəbər verdik. Eyni zamanda gözləyirdik ki, atam da gəlsin. Bu dəm bir dəstə polis həyətimizə basqın etdi. Maraqlıdır ki, onlar düz tövləyə sarı getdilər. Lakin sonradan gördülər ki, silahlar həyətin ortasındadır. Polislər silahları aktlaşdırarkən xəbər gəldi ki, atam həbs edilib. Onu yas mərasimindən aparıblar”.
Əmin Abbasovun sözlərinə görə, hüquq-mühafizə orqanları atasını həbs etmək üçün şou düzəldib: “Atamı dövlət çevrilişində ittiham edirlər. Bir avtomatla və 3-4 qumbara ilə dövlət çevrilişi etmək olar? Mənim atamı Masallıda yaxşı tanıyırlar. O, heç vaxt dövlət əleyhinə işlərlə məşğul olmayıb. Ona qarşı ittihamlar qondarmadır”.
Hacı Fəramiz Abbasovun oğlu polislə toqquşmaya da aydınlıq gətirib: “Bu işin necə yekunlaşacağını bilmək üçün polis idarəsinin qarşısına toplaşmışdıq. Sakin şəkildə gözləyirdik ki, görək nə olacaq. Amma yenə bir dəstə bizə hücum çəkdi. Bizi təhqir etdilər, zorakılıq göstərdilər. Yaşlı əmimi, anamı, bibimi, məni, bacımı və digər kənd sakinlərini dəyənəklə döydülər. Bunlar qadın-uşaq tanımayan məxluqdurlar. Kişi də qadına əl qaldırarmı? Kişi də yaşlı insanı vurarmı? Budurmu bizi qoruyan polis?”.
Qəzetimiz çapa gedərkən öyrəndik ki, polis ikinci dəfə idarədən kənarda dayanaraq Hacı Fəramiz Abbasovla bağlı baş verənlərin nəticəsini gözləyən insanlara hücum edib. Onları döyərək maşınlara mindirib və ərazidən uzaqlaşdırıb. Əmin Abbasov da bu məlumatı təsdiqləyib. O, həmçinin bildirib ki, atasına yemək göndərmək istəsələr də polis buna imkan verməyib: “Mənim atam şəkər xəstəsidir. Amma bu qansızlar ona yemək göndərməyimizə imkan vermədilər. Bu, heç bir ləyaqətə sığmayan hərəkətdir”.
"Azadlıq" qəzeti