Tarix : 2011 Jan 25
Kod 20965

DİNDARLARIN ''TƏZƏ PİR'' MƏSCİDİNDƏ HİCAB FƏRYADI

Sayları 700-ə yaxın olan dindarlar, QMİ-ni aktiv fəaliyyətə səsləyib
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, artıq iki aya yaxındır ölkədə hökm sürən hicab qadağası və onun gündəmdə tutduğu mövqe, yerini heç nəyə vermir. Bu gündəmə qadağadan bir ay sonra dindraların həbsi əlavə olunsa da, mövzu aktuallığını saxlayır. Aparılan dindar "ovu"nun elə hicab qadağasının məntiqi davamı olduğu aydınlaşdı. İki aya yaxındır hicablı xanımlar istər təhsil almaqdan, istərsə də tədrisdən zorən uzaqlaşdırılıb.

Düzdür, arada 1-2 gün bu qadağa təhsil naziri Misir Mərdanovun, "valideynlər uşaqlarını da götürüb direktorların yanına getsin və söhbət etsinlər", sözləri ilə yumşalsa da, sonradan Təhsil Nazirliyinin yetkilisi tərəfindən bu fikir başqa cür yozuldu və o açıqlama verərək, nazirin sözlərinin düzgün başa düşülmədiyini bildirdi. O söylədi ki, bu əslində "valideynlər getsinlər direktorların yanına və direktorlar da onlara başa salsınlar ki, təhsil vacibdir, uşaqlarınızın başını açın, qoy dərsə gəlsinlər" kimi başa düşülməlidir.

Necə də qəribə bir dövlətdə yaşayırıq. Elə bir dövlətdə ki, bizim nazirlərin əksəriyyətinin danışığını başa düşmək üçün gərək sonradan bir nəfər də çıxıb desin ki, bəs nazirin dediyindən bu qənaəti yox, filan qənaəti çıxarın.

Qeyd etmək yerinə düşərdi ki, nazirin məlum açıqlamasından sonra böyük əksəriyyət məktəblərdə hicablı xanımlar təhsillərinə davam etməyə başlamışdılar. Amma daha sonra xanımlar yenidən təhsil müəssisələrinə buraxılmadılar. Görünür kimlərsə, dindarların səbr kasasının daşmasında maraqlıdır və ona görə də gündə bir açıqlama ilə əsəbləri tarıma çəkmək istəyirlər.

Bu cür əcaib-qəraib açıqlamalara, təxribatçı çıxışlara birdəfəlik son qoyulmasını, övladlarının təhsilinə icazə verilməsini istəyən dindarlar isə bu gün səhərdən "Təzə Pir" məscidinə toplaşaraq, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşmək istəyiblər. İdarənin binası qarşısına toplaşan dindarlara isə şeyxlə görüşə icazə verilməyib. Bunu görən dindarlar "Təzə Pir" məscidinə daxil olaraq, orada öz bəyanatlarını oxuyublar. Bəyanat oxuduqan sonra, dindarlar məscidini tərk etməyə başlayıblar.

Qeyd edək ki, məsələ ilə əlaqədar Təzə Pir məscidinin həyətində çəkiliş aparan operatorumuzdan birinin kamerası əlindən alınaraq çəkilişləri silinib.

  • Yazılıb
  • da (də) 2011 Jan 25